Naxçıvanda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edilir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün açıq müsabiqə elan edilir.
Müsabiqənin birinci mərhələsi – test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal təqdim olunacaq.
Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.
İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2025-ci il avqust ayının 15-dən sentyabr ayının 15-i saat 18:00-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları bölməsinə (Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ) bütün iş günləri təqdim edə bilərlər.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında tanış olmaq, habelə (036) 545-00-69 nömrəli telefon vasitəsilə məlumat almaq olar.
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
Ətraflı: https://njustice.gov.az/
Əlaqə :https://justice.gov.az/documents/notariat_senedler.pdf
Əlaqə :https://frameworks.e-qanun.az/14/f_14046.html