...

Naxçıvana ali diqqətin təzahürü: yeni inkişaf mərhələsinin hüquqi və idarəetmə əsasları

26-08-2026 | 15:15

Naxçıvan Azərbaycan dövlətçilik tarixinin ayrılmaz və mühüm səhifələrindən biridir. Bu qədim diyarın müasir inkişaf salnaməsi Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi mürəkkəb tarixi mərhələ yalnız həmin dövrün siyasi hadisələri baxımından deyil, Azərbaycanın dövlət müstəqilliyinin ideoloji və hüquqi əsaslarının formalaşması baxımından da müstəsna əhəmiyyət daşıyır.

Naxçıvanın ağır iqtisadi, siyasi və sosial vəziyyətdən çıxarılması, milli dövlətçilik düşüncəsinin qorunması və inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin Naxçıvandakı genişmiqyaslı quruculuq fəaliyyətinin əsasını təşkil edirdi. Təsadüfi deyil ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da Naxçıvanın təqribən yarıməsrlik inkişaf dövrünün Ulu öndərin fəaliyyəti ilə sıx bağlı olduğu xüsusi vurğulanır.

1993-cü ildə Ulu öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Bütün fəaliyyəti dövründə qətiyyətli və inamlı mövqe nümayiş etdirən və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu öndər 1997-ci ildə deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Bu tarixi siyasi və dövlətçilik xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni reallıqlara uyğun olaraq daha yüksək mərhələdə davam etdirilir. 2026-cı il avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri də məhz bu davamlı dövlətçilik siyasətinin növbəti mühüm göstəricisi kimi yadda qaldı. Səfər çərçivəsində açılışı olan və təməli qoyulan obyektlərin miqyası, qəbul edilən qərarlar, hərbi və iqtisadi təhlükəsizlik, enerji, nəqliyyat, sosial müdafiə, şəhərsalma, mədəni irsin qorunması və idarəetmə məsələləri ilə bağlı verilən tapşırıqlar Naxçıvanın inkişafının artıq ayrı-ayrı layihələr deyil, vahid və sistemli dövlət siyasəti əsasında həyata keçirildiyini bir daha göstərdi.

Dövlət başçısının konstitusion missiyası və Naxçıvan

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Konstitusiyanın 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir, dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısıdır.

Bu konstitusion müddəalar dövlət başçısının fəaliyyətinin yalnız siyasi deyil, həm də hüquqi mahiyyətini müəyyən edir. Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması, ərazi bütövlüyünün bərpası və dövlət hakimiyyətinin bütün ərazi üzrə vahid konstitusion əsaslar üzərində həyata keçirilməsi bu missiyanın mühüm nəticələrindəndir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra yaranmış yeni reallıqlar və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi dövlətçiliyin şanlı tarixi mərhələsinin əsasını qoydu.

Bu prosesin Naxçıvan baxımından xüsusi əhəmiyyəti vardır. Konstitusiyamıza əsasən, Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, hüquqi və institusional bütövlüyü Azərbaycan dövlətinin ümumi inkişafından ayrı təsəvvür edilə bilməz. Prezident İlham Əliyevin Naxçıvanla bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət həm də Konstitusiyanın yaratdığı dövlətçilik sisteminin praktiki təzahürüdür.

Prezident İlham Əliyevin 2026-cı il avqustun 11-də Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Naxçıvanın inkişafı vahid konsepsiyanın tərkib hissəsidir

Dövlət başçısının müsahibəsində Naxçıvanın gələcək inkişafı ilə bağlı səsləndirdiyi fikirlər, ilk növbədə, bir məsələyə aydınlıq gətirdi: Naxçıvanın inkişafı Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafından təcrid olunmuş şəkildə deyil, vahid konsepsiya çərçivəsində həyata keçiriləcəkdir.

Prezidentin ifadə etdiyi kimi, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid inkişaf konsepsiyası əsasında inkişaf etməlidir. Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, söhbət Naxçıvanın muxtar respublika statusunun dəyişdirilməsindən getmir. Əksinə, dövlət başçısı müsahibəsində açıq şəkildə Naxçıvan Muxtar Respublikasının statusunun saxlanılacağını, lakin idarəetmə qaydalarının təkmilləşdirilməli olduğunu bildirmişdir.

Bu, hüquqi baxımdan olduqca mühüm yanaşmadır. Çünki statusun qorunması ilə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi bir-birinə zidd deyil. Əksinə, müasir dövlət idarəçiliyinin əsas xüsusiyyətlərindən biri məhz mövcud konstitusion status çərçivəsində idarəetmə mexanizmlərinin zamanın tələblərinə uyğunlaşdırılmasıdır.

Prezidentin müsahibəsində ifadə etdiyi “Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk” fikri də məhz bu kontekstdə qiymətləndirilməlidir. Burada məqsəd inzibati-hüquqi statusların eyniləşdirilməsi deyil, inkişaf fəlsəfəsinin, idarəçilik yanaşmasının, planlaşdırmanın və dövlət siyasətinin vahid məntiq əsasında qurulmasıdır. Bu isə Naxçıvan üçün yeni imkanlar yaradır.

Konstitusiya islahatı – yeni hüquqi mərhələnin başlanğıcı

2026-cı il martın 10-da qüvvəyə minən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu bu prosesdə xüsusi yer tutur. Dövlət başçısının 2 fevral 2026-cı il tarixli Sərəncamı ilə Konstitusiya Qanunu qəbul edilmişdir.

Dəyişikliklərin mühüm istiqamətlərindən biri Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi əlaqəsinin daha dəqiq ifadə olunmasıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 1-ci maddəsinin II hissəsində Naxçıvan Muxtar Respublikasının statusunun Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilməsi müddəası Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin II hissəsi ilə tam uyğunlaşdırılmışdır. Bu, yalnız texniki redaktə xarakterli dəyişiklik kimi qiymətləndirilməməlidir. Əksinə, bu dəyişiklik konstitusion hüquq sisteminin vahidliyinin və hüquqi iyerarxiyanın daha aydın ifadəsinin mühüm nümunəsidir.

Konstitusiya islahatı ilə yanaşı, onun icrası üçün digər qanunvericilik aktlarının uyğunlaşdırılması prosesinin də həyata keçirilməsi hüquqi islahatların ardıcıl xarakter daşıdığını göstərir.

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2026-cı il tarixli Fərmanı ilə Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında uyğunlaşdırıcı dəyişikliklər edilmişdir.

Beləliklə, Konstitusiya islahatı bir sənədlə məhdudlaşmır: o, öz ardınca geniş hüquqi uyğunlaşdırma və institusional yenilənmə prosesini gətirir. Məhz bu məqam ədliyyə orqanlarının fəaliyyətini daha geniş və məqsədyönlü bir vəhdətdə birləşdirir.

Vahid hüquqi məkanda ədliyyə

Ədliyyə həm də hüquqi dövlət prinsipini cəmiyyət həyatının müxtəlif sahələrində tətbiqini təmin edən institusional mexanizmdir. Bu baxımdan Naxçıvanın yeni inkişaf mərhələsində ədliyyə sisteminin qarşısında duran vəzifələr də artır. Normativ hüquqi aktların sistemləşdirilməsi və təkmilləşdirilməsi, hüquqi ekspertizanın keyfiyyətinin artırılması, hüquqi aktların elektron bazasının inkişaf etdirilməsi, bələdiyyələrin fəaliyyətində qanunun aliliyinin və şəffaflığın təmin edilməsi, icra prosesinin səmərəliliyinin artırılması, müasir elektron xidmətlərin genişləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi və vətəndaşların hüquqi xidmətlərə əlçatanlığının daha da artırılması qarşıdakı hədəflərin mühüm istiqamətləridir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm xüsusiyyətlərindən biri qanunun aliliyinin təmin edilməsi ilə rəqəmsal və müasir idarəetmə vasitələrinin paralel inkişaf etdirilməsidir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid sistemi daxilində olması və bütün sahələrdə olduğu kimi, elektron informasiya sistemlərinə inteqrasiyası Naxçıvanın hüquqi məkanının Azərbaycan Respublikasının vahid hüquq sistemində inkişafına xidmət edir.

Hüquqi islahatların məqsədi yalnız yeni normanın qəbul edilməsi deyil, həmin normanın insanın həyatında, dövlət idarəçiliyində və cəmiyyətin inkişafında müsbət nəticəyə çevrilməsidir.

İdarəçilik – canlı mexanizm

Dövlət idarəçiliyi statik mexanizm deyil. Cəmiyyət dəyişdikcə, iqtisadi münasibətlər yeniləndikcə, yeni texnologiyalar meydana çıxdıqca və dövlət qarşısında yeni vəzifələr yarandıqca idarəetmə sistemi də təkmilləşməlidir. Bu mənada idarəçiliyi “canlı mexanizm” kimi xarakterizə etmək mümkündür. Naxçıvanda son illərdə həyata keçirilən struktur və idarəetmə islahatları da bunu göstərir.

“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 29 iyun 2026-cı il tarixli Fərmanı ilə səlahiyyətli nümayəndəliyin yeni strukturu təsdiq edilmiş, onun işçilərinin say həddi müəyyənləşdirilmiş və nümayəndəliyin fəaliyyətinin hüquqi-institusional əsasları təkmilləşdirilmişdir.

Bu addım idarəetmənin təkmilləşdirilməsinin davamlı proses olduğunu göstərir. Daha mühüm məqam isə odur ki, bu proses Naxçıvanın muxtar respublika statusunun qorunması şərti ilə həyata keçirilir. Beləliklə, konstitusion status sabit qalır, idarəetmə mexanizmləri isə müasir dövlət idarəçiliyinin tələblərinə uyğun inkişaf etdirilir.

Hüquqi aktdan yeni inkişafa

Son illərdə Naxçıvanla bağlı qəbul edilmiş hüquqi aktlara nəzər saldıqda dövlət siyasətinin sistemli xarakteri aydın görünür. Yuxarıda qeyd edildiyi kimi, 5 iyun 2023-cü il tarixli Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramı iqtisadiyyat, infrastruktur, sosial xidmətlər, məşğulluq, investisiya və kənd təsərrüfatının inkişafı üzrə geniş tədbirlər müəyyən edir.

Bu proqram sonrakı illərdə də təkmilləşdirilmişdir. 2025-ci ildə Dövlət Proqramına dəyişikliklər edilərək onun icra mexanizmləri və aidiyyəti dövlət qurumlarının iştirakı dəqiqləşdirilmişdir.

Dövlət başçısının 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə Naxçıvan Sənaye Parkının yaradılması da bu siyasətin konkret nümunəsidir. Fərmanda Parkın müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsul istehsalı, xidmətlərin göstərilməsi və sahibkarlığın inkişafı üçün zəruri infrastruktur kimi formalaşdırılması nəzərdə tutulur.

23 dekabr 2024-cü il tarixli Sərəncamla Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi üzrə tədbirlərin müəyyənləşdirilməsi də Dövlət Proqramının enerji təhlükəsizliyi və ixrac imkanları ilə bağlı hədəflərinin hüquqi təminatıdır.

Beləliklə, hüquqi akt burada sadəcə, hüquqi sənəd deyil. Fərman – qərarın hüquqi ifadəsi; Dövlət Proqramı – strateji planlaşdırma vasitəsi; icra mexanizmi isə həmin qərarın real həyata keçirilməsini təmin edən idarəçilik alətidir.

Prezident İlham Əliyevin Naxçıvana növbəti 11 avqust tarixli səfərinin proqramı da məhz bu hüquqi-siyasi yanaşmanın praktiki nəticələrini nümayiş etdirdi.

Naxçıvan Sənaye Parkının təməlqoyma mərasiminin keçirilməsi gələcəkdə yeni istehsal sahələrinin, iş yerlərinin və investisiya imkanlarının yaradılmasına xidmət edəcək.

“Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması turizm potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir.

MİDA tərəfindən tikiləcək sosial evlər kompleksinin təməlinin qoyulması isə dövlətin sosial siyasətinin Naxçıvanda yeni mərhələdə davam etdirilməsini göstərir.

Naxçıvan Regional DOST Mərkəzinin açılışı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılan Mərkəz sosial xidmətlərin vətəndaşa daha yaxın, çevik və müasir formada göstərilməsi baxımından mühüm institusional addımdır.

Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana diqqətini də xüsusi qeyd etmək lazımdır. Səfər çərçivəsində açılan və təməli qoyulan obyektlərlə tanışlıq, sosial və humanitar yönümlü layihələrə göstərilən diqqət Naxçıvanın inkişafının yalnız iqtisadi və infrastruktur məsələlərindən ibarət olmadığını bir daha nümayiş etdirdi.

Naxçıvanın inkişafında insan amili, sosial rifah və vətəndaş məmnunluğu əsas meyarlardan biri kimi çıxış edir.

Dövlətçilik və milli yaddaşın davamlılığı

30 dekabr 2025-ci ildə Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sənəddə Əcəmi Naxçıvaninin Naxçıvan memarlıq məktəbinin banisi və Azərbaycan memarlıq tarixinin görkəmli nümayəndəsi olduğu vurğulanır.

11 avqust 2026-cı ildə isə Əcəmi Naxçıvaninin abidəsinin açılması həmin hüquqi qərarın mədəni irsin qorunması istiqamətində konkret nəticəyə çevrildiyini göstərdi.

Bu tarixi irsin mühüm səhifələrindən biri də Möminə xatunun adı ilə bağlıdır. Təqribən 900 il əvvəl Naxçıvanda yaşamış Möminə xatun yalnız böyük bir memarlıq abidəsinin adı ilə tarixə düşmüş xanım deyil, həm də dövrünün siyasi və dövlətçilik həyatında mühüm rol oynamış tarixi şəxsiyyət kimi Azərbaycan qadınının dövlətçilik ənənəsində özünəməxsus yer tutur.

Məhz bu baxımdan Möminə xatun türbəsinin bərpası xüsusi məna daşıyır. Azərbaycan dövlətinin tarixi-mədəni irsə göstərdiyi diqqətin mühüm nümunəsi olan bu layihə Prezident İlham Əliyevin sərəncamları ilə hüquqi və maliyyə təminatı əldə etmişdir. 2025-ci ildə türbədə bərpa və konservasiya işlərinin aparılması üçün vəsait ayrılmış, 2026-cı ildə isə bu işlərin davam etdirilməsi məqsədilə əlavə 9,566 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Burada tarixlə müasirliyin mənəvi bir xətt üzərində qovuşduğunu görmək mümkündür. Təqribən 900 il əvvəl dövlətçilik proseslərində öz sözünü deyən Möminə xatunun timsalında Azərbaycan qadınının cəmiyyət və dövlət həyatındakı fəal mövqeyi bu gün də öz davamını tapır. Müasir dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət idarəçiliyində, sosial-humanitar siyasətin həyata keçirilməsində və Azərbaycanın zəngin mədəni irsinin qorunması və dünyada təbliğində göstərdiyi misilsiz xidmətləri bu tarixi ənənənin yeni dövrdə daha geniş miqyasda davamı kimi səciyyələndirilə bilər.

Beləliklə, Möminə xatun türbəsinin bərpası yalnız XII əsrin memarlıq nümunəsinin qorunması deyil. Bu, həm də Azərbaycan qadınının tarix boyu dövlətçilik, mədəniyyət və ictimai həyatdakı rolunun yaşadılması, keçmişlə müasirlik arasında mənəvi bağın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, həm də milli yaddaşın hüquqi və institusional mühafizəsidir.

Təhlükəsizlikdən iqtisadi gücə

Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordu Qərargahında yeni yaradılmış əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi mərasimində Prezident İlham Əliyevin iştirakı Naxçıvanın təhlükəsizlik məsələsinin dövlət siyasətində xüsusi əhəmiyyətini bir daha nümayiş etdirdi.

Prezidentin müsahibəsində də qeyd etdiyi kimi, Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Lakin bugünkü siyasət yalnız Naxçıvanın təhlükəsizliyi ilə məhdudlaşmır. Təhlükəsizliyin ardınca enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, sənaye, kənd təsərrüfatı, turizm, sosial müdafiə və rəqəmsal xidmətlər gəlir.

Prezidentin səfər zamanı Naxçıvan Sənaye Parkının, yeni istilik elektrik stansiyasının, Günəş elektrik stansiyalarının, nəqliyyat layihələrinin, kənd yollarının və digər infrastruktur layihələrinin gələcəyi ilə bağlı verdiyi mesajlar bunun təsdiqidir.

Səfərdən bir gün sonra – avqustun 12-də "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamın imzalanması da bu siyasətin səfərlə məhdudlaşmadığını, qərarların ardıcıl şəkildə hüquqi və maliyyə mexanizmləri ilə təmin edildiyini göstərir.

Sənaye parkları, enerji istehsalı, nəqliyyat dəhlizləri, turizm, kənd təsərrüfatı, sosial mənzil, DOST və ASAN xidmətləri, şəhərsalma və mədəni irsin qorunması ilə yanaşı, hüquqi və institusional infrastrukturun da daim yenilənməsi tələb olunur.

Çünki inkişafın dayanıqlılığı yalnız maliyyə resursları ilə təmin olunmur. Dayanıqlı inkişaf üçün güclü hüquqi baza, səmərəli idarəetmə, şəffaflıq, rəqəmsallaşma, vətəndaş məmnunluğu bir-birini tamamlamalıdır.

Vaşinqtondan Naxçıvana uzanan yeni reallıq

Naxçıvanın gələcək inkişafından danışarkən Azərbaycanın 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə etdiyi mühüm nəticələrə toxunmaq xüsusilə zəruridir.

Prezident İlham Əliyev 2025-ci il 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş keçirilmiş, 8 avqust tarixində Birgə Bəyannamə imzalanmış və sülh sazişi layihəsinin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflanmışdır. Bu proses Azərbaycanın sülh gündəliyinə sadiqliyinin və əldə olunmuş nəticələrin hüquqi-siyasi müstəvidə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan baxımından isə bu prosesin xüsusi əhəmiyyəti vardır. Prezidentin 11 avqust 2026-cı il tarixli müsahibəsində Zəngəzur dəhlizi, Naxçıvan dəmir yolunun bərpası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanları, enerji dəhlizləri və Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsi perspektivi geniş şəkildə izah edildi. Beləliklə, sülh və normallaşma gündəliyi Naxçıvan üçün yalnız siyasi təhlükəsizlik deyil, həm də yeni iqtisadi və kommunikasiya imkanları yaradır.

Ulu öndərin siyasi kursunu və dövlətçilik baxışlarını uca tutan Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə Naxçıvan 1990-1993-cü illərdəki ağır blokada şəraitindən bugünkü regional nəqliyyat mərkəzinə çevrilir. Ağır blokada şəraiti Naxçıvanın həm əzab-əziyyətli, həm də Ulu öndərlə birgə yaşadığı ən əziz günlərdir.

Ulu öndər 2002-ci ildə Naxçıvanda Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında 1990-1993-cü illərdə ən ağır vəziyyətlərdə Naxçıvanda yaşayaraq fəaliyyət göstərdiyi dövrləri belə xatırlamışdı: “Mən 1993-cü ilədək sizinlə bərabər Naxçıvanda yaşadığım günləri heç vaxt unutmuram və heç vaxt da unutmayacağam. Mənim həyatımın müxtəlif səhifələri, çox şanlı-şöhrətli, eyni zamanda çox əzab-əziyyətli səhifələri var. Bunların hər biri mənim üçün əzizdir. Ancaq 1990-1993-cü illərdə sizinlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam”.

Prezident İlham Əliyevin səfər zamanı televiziyaya verdiyi müsahibəsində Ulu öndər və Naxçıvan barədə söylədiyi sözlər hər bir naxçıvanlı üçün böyük fəxr hissidir: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, halbuki birinci növbədə, Azərbaycan üçün, geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.

Böyük və sonsuz minnətdarlıq və qürur hissi ilə qeyd edirik ki, həm Ulu öndərin, həm də cənab Prezidentin Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla bağlı gördüyü misilsiz tarixi işlər əsl hünər və qəhrəmanlıq nümunəsidir.

Böyük fransız filosofu Jan Jak Russo vətən naminə görülmüş işləri belə qiymətləndirmişdir: “Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı ömür yolu, tükənməz dövlətçilik irsi əsl siyasət və həyat məktəbidir. Dahi şəxsiyyətin parlaq ideyaları bu gün də yaşayır və əbədi olaraq yaşayacaqdır. Bu ideyaları yeni dövrün tələblərinə adekvat şəkildə zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Naxçıvan hazırda regional nəqliyyat mərkəzinə çevrilməkdədir. İnanırıq ki, cənab Prezidentin qarşıda müəyyənləşdirdiyi strateji hədəflər, rəhbərliyi ilə reallaşdırılan iqtisadi, hüquqi və institusional islahatlar keyfiyyətcə yeni mərhələdə Naxçıvan Muxtar Respublikasının dinamik inkişafını təmin edəcəkdir.

Hüseyn SƏFƏROV,

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən,

nazir müavini