...

Polis kursantları üçün maarifləndirici tədbir keçirilib

30-09-2024 | 19:08

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nazirliyin 2024-cü ilin ikinci yarımilinə dair Fəaliyyət Planının icrası ilə əlaqədar aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq fəaliyyəti davam etdirilir. Bu məqsədlə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Məhkəmə-ballistik ekspertizasının imkanları və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edilib.

Tədbiri giriş sözü ilə Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev açaraq Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyəti haqqında məlumat verib. Qeyd olunub ki, əvvəllər keçirilən tədbirlərdə iştirak edən kursantlar artıq əldə etdikləri bilik və məlumatlardan peşə fəaliyyətlərində yararlanırlar.

Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat verib, dövlət başçımızın ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Mərkəzinin ən müasir texniki avadanlıq və cihazlarla təmin edildiyi vurğulayıb. Mərkəzin müasir avadanlıqlarla təmin edilməsi və xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına mühüm köməklik göstərir.

Sonra Mərkəzin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski “Məhkəmə-ballistik ekspertizasının imkanları, hadisə yerinin mühafizəsinın əhəmiyyəti” mövzusunda slayd vasitəsilə çıxış edərək, məhkəmə-ballistik ekspertizasının anlayışı, bir elm kimi formalaşması tarixi, tədqiqat obyektləri, predmeti, həll etdiyi məsələlərin dairəsi, vəzifələri, odlu silahın anlayışı və təsnifatı, hadisə yerinin mühafizəsinin təşkili və əhəmiyyəti, hadisə yerində maddi sübutların tamlığının qorunması qaydaları barədə məlumat vermişdir. Qeyd olunub ki, polis əməkdaşının vəzifələrindən biri də hadisə yerinin mühafizəsidir. Hadisə baş verdikdən sonra hadisə iştirakçılarının yaxınları ehtiyatsızlıqdan və bəzən də qəsdən hadisə yerindəki mövcud maddi sübut və dəlil hesab olunacaq alət, vasitə və izləri məhv və ya təhrif edirlər, bu da öz növbəsində gələcəkdə ekspertə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsində çətinliklər yaradır. Polis əməkdaşı hadisə yerində diqqətli olmalı, kənar müdaxiləyə yol verilməsinin qarşısını almalı, səlahiyyəti xaricində mövcud predmetlərə müdaxilə etməməlidir.

Tədbrin sonunda kursantları maraqlandıran suallar ətraflı cavablandırlmışdır.