Penitensiar Xidmətin əməkdaşları üçün təlimlər keçirilir
2020-ci ildə baş verən koronavirus pandemiyasından sonra ölkəmizdə yoluxucu xəstəliklərin və pandemiyaların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin keçirilməsi daha geniş vüsət almışdır.
Qeyd edilən mövzunun aktuallığı əsas tutularaq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisinin maliyyə və texniki dəstəyi və Azərbaycan Respublikası (AR) Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsinin (TBİ) təskilatçılıgı ilə Naxçıvan Muxtar Respublikası (NMR) ƏN Penitensiar Xidmətin əməkdaşları üçün "İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisəsisələrində vərəmə nəzarət və pandemiyalara hazırlıq tədbirlərinin həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu" mövzusunda 02 -03 iyul tarixlərində təlim keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimin ilk günü açılış nitqi ilə çıxış edən NMR ədliyyə nazirinin müavini -Penitensiar Xidmətin rəisi Emin Kazımov ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərovun və öz adından təlim iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirmiş, xidmətdə vərəmə nəzarət proqramının uğurlu icrasının, o cümlədən, yoluxucu xəstəliklərin yayılmasına qarşı tədbirlərin səmərəli həyata keçirilməsi üçün tibb və penitensiar xidmətin birgə fəaliyyətinin gücləndirilməsinin önəmli olduğunu vurğulamışdır.
Sonra AR Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin direktoru İradə Məmmədova və ÜST-ün Ölkə Ofisinin mütəxəssisi Cəvahir Süleymanova təlimin məqsəd və vəzifələri barədə danışıb, gözlənilən nəticələr barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, 2014-cü ildə təsis edilmiş və ölkəmizdə fəaliyyət göstərən ÜST ilə Əməkdaşlıq Mərkəzi dünyada həbsxanalarda vərəm üzrə yeganə təlim mərkəzidir. Əməkdaşlıq Mərkəzinin fəaliyyəti ÜST-ün Avropa üzrə Regional Ofisinin rəhbəri Hans Kluqenin birbaşa nəzarəti və geniş dəstəyi ilə uğurla icra edilməkdədir və qazandığı uğurlara görə status artıq iki dəfə uzadılmışdır.
Tədbir dünyada, ölkəmizdə və həbsxanalarda vərəmlə bağlı epidemioloji vəziyyət, vərəm xəstəliyinin etimologiyası, ötürülmə yolları, penitensiar müəssisələrdə vərəmin yayılmasının risk faktorları və profilaktiki tədbirlər, kəskin respirator infeksiyalar və pandemiya dövründə infeksion nəzarət tədbirləri, narkotik vasitələrdən asılılığı olan məhkumlarda vərəm və qanla yoluxan infeksion xəstəliklərin profilaktikası və müalicəsi tədbirləri, penitensiar müəssisələrdə vərəmdən sağalmış məhkumlara nəzarətin aparılmasında penitensiar xidmət əməkdaşlarının rolu mövzularını əhatə edən təqdimatlarla ÜST Əməkdaşlıq Mərkəzinin mühazirəçiləri və ƏN Tibb baş idarəsinin peşəkar mütəxəssislərinin çıxışları ilə davam etmişdir.
02 iyul tarixində keçirilən təlimin sonunda təqdim edilən mövzular ətrafında tibb və penitensiar xidmət əməkdaşları ilə birlikdə müzakirələr aparılıb, təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.