...

Nazirliyin əməkdaşı panel müzakirədə iştirak edib

01-11-2024 | 09:59

Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu çərçivəsində Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdış hüquqi aspektdə” panel müzakirəsi keçirilib. Universitetin Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilovun moderatorluğu ilə keçirilən müzakirədə Naxçıvan şəhər məhkəməsinin sədri Gülnar Səfərəliyeva və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov gənclərlə görüşüb, onlarla öz fikirlərini bölüşüblər.

Nazirliyin rəsmisi Səttar Zamanov çıxış edərək qeyd edib ki, tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düş­müş azərbaycanlıların tarixi hüquq­larının bərpasına istiqamətlənmiş si­yasətinin elmi əsaslarla həm yerli, həm də beynəlxalq səviyyədə işıqlandırıl­ması, haqlı davamızın dünya ictimaiyyətinə çatdırılması sahəsində universitetdə keçirilən Forum böyük əhəmiyyətə malikdir. Xüsusilə də qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarına, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyinin ifadə edilməsi, doğma universitetin bu işdə fəallığı təqdirəlayiq haldır.

Səttar Zamanov moderatorun “Bəzən Ermənistan rəsmiləri soydaşlarımızın geriyə qayıtmaq hüququnu ərazi iddiası kimi qələmə verirlər. Hüquqi cəhətdən bu nə dərəcədə əsaslıdır” sualı ətrafında ətraflı məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki və Siyasi Hüquqlar haqqında Pakta əsasən hər bir insan öz ölkəsinə geri qayıtmaq hüququna malikdir. Bu hüquq insanın etnik mənsubiyyəti və ya dövlətlərin ərazi mübahisələri ilə əlaqəli deyil, sadəcə fərdlərin doğma torpaqlarına geri dönmə haqqıdır. Soydaşlarımızın öz torpaqlarına geri qayıtmaq haqqı insan hüquqları və beynəlxalq qanunlar çərçivəsində təsbit olunmuş bir hüquqdur və bu hüququ ərazi iddiası kimi qiymətləndirmək əsassızdır. Bu hüquq hər bir şəxsin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və ədalətin bərpa edilməsi məqsədi daşıyır.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 1948-1953-cü, eyni zamanda 1988-1989-ci illərdə öz doğma yerlərindən deportasiya edilməsi tarixindən, ədliyyə orqanlarının praktikasında onların sənədləşmə işlərində yaranan çətinliklər barədə danışıb, görülən işləri diqqətə çatdırıb.