Məhkumlara psixoloji yardım göstərilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bir qrup həbs olunmuş şəxsə və cəzaçəkən məhkuma psixoloji yardım göstərilib. Psixoloji yardım nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertizası bölməsinin eksperti və Tərbiyə işinin təşkili bölməsinin əməkdaşı tərəfindən həyata keçirilib.
Qeyd edək ki, penitensiar müəssisələrdə psixoloji yardım işinin təşkili Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 29 iyul 2020-ci il tarixli Kollegiyasının “11-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərələ tərbiyə və psixoloji yardım işinin təşkili haqqında” təlimata əsasən tənzimlənir.
Qeyd etmək lazımdır ki, psixoloji yardımın cəzaçəkən şəxslərdə yaranmış psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardımın məqsədi əsasən onlarda cəzaçəkmə mühitinin spesifik xüsusiyyətlərindən irəli gələn əsəb və sinir gərginliyi hallarının aradan qaldırılmasına xidmət edir.
Əməkdaşlar cəzaçəkən şəxslərə fərdi psixoloji yardım göstərmiş, onlarla şəxsiyyətlər arası münasibətlər, cəzaçəkmə mühiti ilə bağlı davranışda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, normal həyat şəraiti üçün itirilmiş sosial münasibətlərin bərpası barədə maarifləndirici söhbətlər aparmış, onları maraqlandıran suallar ətraflı izah olunaraq cavablandırılmışdır.
Bütün bunlarla yanaşı cəza çəkənlərlə tərbiyəvi, profilaktiki söhbətlər aparılır, bütün qabaqlayıcı tədbirlər görülür ki, bu da öz növbəsində onlar arasında sosial-psixoloji durumun sağlamlaşdırılmasına böyük təsir göstərir.