“İqlim dəyişikliyi hüquqi konteksdə” mövzusunda tədbir keçirilib
COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional “Asan xidmət” Mərkəzində “İqlim dəyişikliyi hüquqi konteksdə” mövzusunda infosessiya keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Birlikdə dünyamızı qoruyaq” adlı videomaterial izlənilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov açaraq bildirib ki, iqlim dəyişikləri bütünlükdə bəşəriyyət üçün ciddi bir təhdiddir. Ölkəmiz də bu dəyişikliklərin təsirindən kənarda qalmamışdır. Son illər Azərbaycanda bu sahədə qəbul olunmuş dövlət proqramlarının icrasına diqqət artırılmış, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər qəbul edilmişdir.
Hazırda iqlim dəyişikliyi insan hüquqlarını da təhdid etməkdədir. Bu kontekstdə, ekoloji hüquq, insan hüquqlarını qorumaq üçün müvafiq hüquqi çərçivələr yaradır. Ədliyyə orqanlarında çalışan hər bir əməkdaş da bu istiqamətdə hüquqi mühakimələrini, o cümlədən ətraf mühiti qorumaq üçün qanuni yollarla mübarizədə öz səylərini əsirgəməyəcək.
Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev “İqlim dəyişikliyi ilə mübarizədə və yaşıl enerjiyə keçiddə Naxçıvan modeli” mövzusunda çıxış edib. Bildirib ki, ölkəmiz son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
“Naxçıvan Muxtar Respublikası şəraitində qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri” mövzusunda Azərbaycan Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun əməkdaşı (Naxçıvan) aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və “Qlobal iqlim dəyişikliyi, onun Naxçıvanda səhralaşmanın dinamikasına təsiri” mövzusunda Naxçıvan Dövlət Universitetinin əməkdaşı Əli Qurbanov slayd vasitəsilə iqlim dəyişikliklərinin muxtar respublikanın flora və fauna aləminə, atmosferə və digər amillərə təsirlərindən danışıb.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi Reyhanə Əsgərova isə “Ətraf mühitin qorunması ilə mübarizədə qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək, nazirliyin fəaliyyət istiqamətləri sahəsində görülən işlərdən bəhs edib.