İDARƏÇİLİKDƏ İNNOVATİV METODLARDAN İSTİFADƏ
Xülasə
İdarəçilikdə dünya təcrübəsindən istifadə imkanları dövlət idarəçiliyinin və onun metodoloji təməlinin kompleks xüsusiyyəti onun siyasi-hüquqi, siyasi -sosial və sosial -iqtisadi reallığının tədqiq edilməsinin obyektiv və subyektiv olmasını, bununla yanaşı bu sistemdə sosial-siyasi, nəzəri-təcrübi və ümumi-elmi metodlardan ibarət kompleksdən faydalanmanı zəruri edir. Ölkəmiz 18 Oktyabr 1991-ci il tarixində öz müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəetməsində, dövlət kadr siyasətində, ölkə iqtisadiyyatında əsaslı islahatlar aparılıb. Beynəlxalq təcrübədə dövlət qulluğu sahəsində həyata keçirilən əsas islahatların mərkəzi xəttini insan resurslarının idarəedilməsi siyasəti tutur. Azərbaycan Respublikası postsovet ölkəsi olduğu üçün dövlət idarəetməsində inzibati idarəetmə izləri yaxın illərə kimi qalmaqda idi. Azərbaycan Respublikası hüquqi və demokratik dövlətdir. Demokratik dövlət idarəetməsi ictimai inama, xalq hakimiyyətinə əsaslanan idarəçilik formasıdır. Buna görə də xalqın və vətəndaşın mövqeyi, fikri dövlət menecerlərinin də peşəkar fəaliyyətində daim önəmlidir. Dövlət orqanlarına dövlət qulluqçuları seçilərkən və qulluq mövqeyində yüksələrkən, onlara qoyulan peşəkar tələblər müəyyənləşdirilərkən bu prioritet istiqamət kimi qəbul edilməlidir. Dövlət idarəetməsində kadr siyasətini tərtib edərkən və həyata keçirərkən nəzərə alınmalı digər nüanslar ölkənin sosial-siyasi vəziyyəti, demoqrafik göstəriciləri, tarixi inkişaf yolu, makroiqtisadi göstəricilər, onun coğrafi-siyasi mövqeyi, əmək bazarındakı kəmiyyət-keyfiyyət dəyişiklikləri, qabaqcıl təcrübələr və müasir yanaşmalardır.
Açar sözlər: dövlət strukturlarında menecment, insan resursları, dövlət qulluqçuları, peşəkar kadr, dövlət qulluğu.
Giriş
Azərbaycanda da idarəetmə metodunun əsas hədəfi idarəetmə prosesinin doğru və effektiv formada təşkil edilməsinə imkan yaratmaq, habelə dövlətin qarşına qoyduğu məqsədlərə tam olaraq çatmaq məqsədilə innovativ texnikalardan, əmək ilə istehsal prosesinin təşkil edilməsinin mütərəqqi növlərindən effektiv istifadə olunmasından yaranır. Bundan başqa ölkədə idarəçilik metodları təsərrüfat fəaliyyətinin reallaşmasına xidmət göstərir və kompleks qaydada idarəetmə funksiyalarının həyata keçməsi ilə əlaqədar baş verir. İdarəçilik metodları ölkənin strateji tərəqqi vəzifəsinin, iqtisadi inkişaf qanunların şərtlərinin tətbiqi metodu olaraq qəbul edilir. Azərbaycanda idarəçilik metodları həm də qanunlarla prinsiplərdən istifadəetmə formasıdır. Ölkədə bu metodların xüsusi seçilməsi ilə onların tətbiq edilməsi idarə olunan obyektlərlə proseslərin, həmçinin müxtəlif hadisələrin xüssiyyəti və məzmununa bağlı olaraq dəyişir. Azərbaycanda idarəetmənin mühüm üç metodu istifadə olunur. Bunlar iqtisadi metod və inzibati-sərəncam metodudur. Ölkədə idarəçilik məqsədlərinə çatmaq naminə cəmiyyətin mövcud iqtisadi qanunlarından geniş istifadə olunması, habelə obyektiv iqtisadi faydavə mənafelərin diqqətə alınaraq bu əsasda təsərrüfatçılıq fəaliyyətinin həyata keçməsi metodlarından idarəçiliyin iqtisadi metodları istifadə edilir. İqtisadi metodla idarəçilik obyektinin müxtəlif tərəflərinə, yəni istehsalın təşkil edilməsi, onun nizamlanması, idarəçilik fəaliyyətlərinin həyata keçirməsinə, kollektlərin və onların üzvlərinin maddi və mənəvi marıqlarına təsir göstərir, istehsal prosesinin sistemli olmasına çalışır. İdarəçilikdə istifadə edilən iqtisadi metodu vasitəsilə planlaşdırma, əmək haqqı, təsərrüfat hesabı, maddi həvəsləndirmə, qiymət, mənfəət, maya dəyəri, gəlir və müxtəlif mexanizmlər məqsədyönlü alətə çevrilmiş olur. İqtisadi metodlar ölkə resurslarının qənaət edilməsinə, onun maya dəyərinin azalmasına, mal ilə xidmətlərin keyfiyyətlərinin yüksəldilməsinə, gəlirlər ilə mənfəətin ümumi həcminin çoxalmasına, əmək qabiliyyəti və gücünün artırılmasına istiqamətlənir. Azərbaycanda idarəçilik fəaliyyətində istifadə edilən inzibati- sərəncam metodunun həyata keçməsi çox mühüm və faydalı mövzulardan biridir. Çünki inzibati-sərəncam metodunun köməyi ilə dövlətin, cəmiyyətin mövcud qanunlarının, ölkənin əmək qanunvericiliyinin, həmçinin sahibkarlara verilmiş səlahiyyətlərin əsasında istifadə olunmalıdır. Bundan başqa bu qanunların, qaydaların və aktların pozulmasına şərait yaradan sahibkarlar ilə mütəxəssislər bu pozuntulara əsasən məsuliyyətə cəlb edilir. Azərbaycanda tətbiq edilən inzibati- sərəncam metodu hakimiyyət gücünə əsaslandığı üçün normativ- sərəncam xüsusiyyətinə malikdir, bu səbəbdən onun icrasə birmənalı olaraq məcburi hesab edilir. İnzibati-sərəncam metodunun əsas obyekti çox genişdir, eyni zamanda çoxcəhətlidir. Dövlətdə inzibati-sərəncam metodunun vasitəsi ilə istehsal sferasının təşkil edilməsi sistemi, bunların idarəetmə təşkilatı, əməyin təşkil olunması şəkli, işçi ilə rəhbər əlaqələri formalaşır və təkmilləşir.
Dünya təcrübəsində istifadə edilən dövlət idarəçilik metodları
Dünya təcrübəsində istifadə edilən dövlət idarəçilik metodlarından biri performans qiymətləndirmə metodudur. Dünyadaki teknolojik dəyişikliklər, informasiya, vətəndaşların daha çok məlumat əldə etmək arzusu və qloballaşma dövlət idarəçilik strukturuna dərindən təsir etmişdir. Yeni dövlət idarəçiliyi anlayışı ilə vətəndaş əsaslı, şəffaf, performans kriteriyaları ölkələrin idarəetmə sisteminə hakim olmağa başlamışdır. Ölkələrdə dövlətə aid xərclərin artması, resursların effektiv və məhsuldar istifadəsinə istiqamətlənmiş performans idarəetməsinin əhəmiyyətini artırmışdır. Bu məqsədlə performans idarəetməsinə aid tətbiqlər əhəmiyyət qazanmışdır. Bu məqsədlə dövlətdə çalışanların performanslarının fərqinə varmasını təmin etmək üçün standartlar, hədəflər, mükafat kimi vasitələr istifadə edilərək, motivasiyanın artması hədəflənmişdir. Bu idarəetmə vasitələri istifadə edilərkən əsas məqsəd vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
Azərbaycanda dövlət idarəçiliyində hələ ki performans əsaslı idarəetmə sistemi tətbiq edilmir. Ancaq ABŞ, Kanada, Türkiyə və başqa ölkələrdə tətbiq edilən bu sistem ölkəmizdə də dövlət idarəçiliyində səmərə əldə edilməsinə şərait yaradacaqdır. Ayrı-ayrı yöntəmləri sistemləşdirərək qeyd edilməlidir ki, beynəlxalq təcrübədə olduğu kimi müxtəlif sahələrində dərk və izahetmə metodları dövlət idarəçiliyində də təkmilləşərək, özünəxas tədqiq metodunun hazırlanması mümkündür. Zamanla bu metodların formalaşacağı düşünülür. Sadəcə mühüm olan metodoloji problem – subyektiv və obyektiv metodların qarşılıqlı olaraq bir-birini tamamlamış olması prinsipi dövlət idarəçilik nəzəriyyəsinə aid xüsusi metod olub çox yayılmış olmasına baxmayaraq, bunun həll edilməsinə yanaşma metodlarında müxtəlif fərqlər görülməkdədir. Dövlət idarəçiliyi özünün təbiətinə, strukturuna görə bəzi subyektiv və obyektiv nüansları, yanaşmanı əhatə edir. Dövlət idarəçilik metodlarında obyektiv yanaşma metodunun mahiyyəti onu izah edir ki, dövlət əsasən özünə, cəmiyyətin tələbi ilə istəklərinə, fəaliyyətinə kənardan tamaşaçı olmamalı, cəmiyyətin durumunu, həmçinin onun narahatlığına səbəb olan hadisələri, cəmiyyətin bütün üzvünün istəklərini obyektiv qaydada qiymətləndirməyi bacarmalı və bu məqsədlə addımlar atmalıdır. Subyektiv metod isə dövlət ilə onun idarəetmə sisteminin bir vahid olaraq cəmiyyətə baxması; cəmiyyətin qarşılaşdığı və ya qarşılaşacağı problem və çətinlikləri, istəyini mövcud reallığıla dərk etməsi, bütün bunları öz idarəçilik sisemində diqqət verməsi metodudur. Bu metodlar biri digərinə nə qədər yaxınlaşsa, habelə üst-üstə düşməyə çalışsa, dövlət idarəçiliyində müvəffəqiyyət daha çox qazanıla bilir. Dövlət idarəçiliyi sistemində bilavasitə ona aid olan başqa xüsusi tədqiqat metodlarının işlənməsi və hazırlanması baş vermədiyindən hələ ki, təkcə çoxsaylı problemlərin tədqiq edilməsi məqsədilə ümumi elmi metodlar ilə yanaşı dövlət idarəçiliyinə aid edilən ictimai elm sahəsində tətbiq edilən xüsusi metodlardan özünəxas formada istifadə edilir. Sıralanan ümumi elmi metodlar daxilində analiz və sintez metodu mühim yerə sahibdir. Bu metodların köməyılə bu sahənin predmetinə aid edilən müxtəlif istiqamətli məsələlərin analizi aparılır, ümumiləşdirmə edilir, nəticədə dövlət idarəçiliyinə şamil olunan ümumi nəticələr əldə edilir. Məsələn, dövlət idarəçiliyi strukturlarında qanunverici orqan, icraedici orqan və məhkəmə orqanının tərkibi müəyyən olunur və bunların sintezindən dövlətin vahıd dövlət idarəçilık aparatı formalaşdirılır. Dövlət idarəçili sistemində məntiqi mühakimə metodu da geniş formada istifadə edilir. Bu metodun vasitəsi ilə zəkada müxtəlif aspektli ümumiləşmələr, qərarlar, rəylər formalaşır, daha sonra zəruri olan hallarda uyğun sənəddə və praktikada bunlar əks olunur. Dövlət idarəçiliyi sistemində formalizə etmək metodu digər metodlarla müqayisədə müəyyən dərəcədə az istifadə edilir. Bu metodun vasitəsilə dövlətçilik ilə dövlət idarəçiliyındə hər hansı institutun (təşkilatın) strukturu ilə fəaliyyətlərinin mühüm istiqamətləri təyin olunur. Müqayisə metodu da dövlət idarəçilik sistemində geniş yayılan metodlardan biri olaraq görülür. Belə ki, dövlətçilik sistemində dövlət idarəçilıyinin nəzərı və praktikı mövzularının həll edilməsində müqayisə metodunun tətbiq edilməsinin önəmi əsasən qəbul olunur, bu görüşlə bağlı fikir ayrılığı mövcud deyil. Zəruri materialları əldə etmək, onları sistemləşdırmək, ən önəmli məsələləri təyin etmək, həmçinin əsas diqqəti bu məsələlərin həll edilməsinə isiqamətləndirmək – bütün bu qaydalar doğru idarəetmənin ən mühim şərti hesab edilir. Ancaq hansı faktları əldə etmək, hansı faktların müqayisəsini aparmaq, hansı faktın dövlət idarəçiliyində vacibliyinin qəbul olunması məsələsində fikır ayrılığı vardır. Bu fikir müxtəlifliyi yalnızca dövlət idarəçiliyi sisteminə aid olmamışdır. Yəni, müqayisə etmək bütün sahələrdə vacib olub və istifadə edilir. Yəni konkret nəticə əldə etmək məqsədilə hadisələr, faktlar, keyfiyyət və kəmiyyət tərəflərınin müqayisəsinin aparılması bütün sahələr üçün vacibdır. Kəmiyyət metodu, habelə, statistik təhlil ilə proqnozlaşdırma metodları idarəetmə sistemində ən çox yaygın olan vasitələrdən biridir. İdarəetmə sistemində alınan qərarların qəbul edilməsində təkmilləşmənın göstərə biləcəyi sosial, siyasi və iqtisadi nəticələrin təyin edilməsində, idarəetmə sisteminin təşkilati strukturunun təkmilləşməsi üçün kəmiyyət, statistik təhlili ilə proqnozlaşdırma metodunun rolu önəmlidir. İdarəetmə sistemində ekstrapolyasiya və modelləşdirmədən bir metodoloji alət olaraq istifadə edilir. Ekstrapolyasiya, idarəetmədə müəyən bir müsbət meyillərlə mənfi meyillərin, əlamətlərın bənzər idarəetmə təşkilatlarına yayılması prosesidir. Modelləşdirmə metodu isə müxtəlif idarəetmə orqanlarının, idarəetmə prosesinin, idarəetmə strukturunun, əməliyyat modelinın işlənərək hazırlanması, onun tətbiq edilməsidir. Müxtəlif elmi-nəzəri eksperimentlər və təcrübələr aparılmasını əhatə edir. Müxtəlif idarəetmə təşkilatlarının/institutlarının formalaşmış şərait daxilındə fəaliyyətinın yoxlanmasi, ya da mövcud vəziyyəti öyrənib, bəzi təkliflər hazırlamaq məqsədilə təcrübələrin aparılmasi metodundan istifadə edilir. Eksperiment vasitəsilə əldə edilən informasiyaların düzgün olması, onların obyektivliyinin bütün vacib şərtərin reallaşdığı zaman (eksperimentin aparılması məqsədilə şərait, obyekt seçiminin düzgün olması, həlli mühüm görülən problemlərin düzgün təyin olunması) təmin oluna bilir . Dövlət idarəçiliyində tətbiqi xüsusiyyətlər daşıyan tədqiqatlar müxtəlif konkret şəraıtlərdə ayrılıqda bütün liderlərin hərəkətlərinə, çıxışlarına, müxtəlif konkret şəraıtdə dövlətın tədbirlərinə rəyi soruşulanların münasıbətini analiz etməyə köməyi dəyir. Bu kimi analizlər dövlət idarəçiliyi sistemi ilə bağlı ətraflı informasiya verməsədə dövlət idarəçilıyi sferasında nəzəri ümumiləşdırmələr aparmaq, nətıcələr əldə etmək məqsədilə real materiallların toplanması və onların sistemləşdirilməsi üçün mühüm alət rolunda çıxış edir. Dövləti və dövlətın əsas təşkilatı strukturlarını anidən, başdan-ayağa dəyışmək real həyatda mumkün deyil. Buna nümunə olaraq, ölkə daxilində eyni zamanda dıgər başqa şərtlər saxlanılmaq şərtiylə müxtəlif tərkibdə parlament qurmaq və formalaşdırmaq, hökumət yaratmaq mümkün deyil. Bunların effektivliyini hesablamaq və onların müqayisəsini aparmaq da mümkün olmur. Dövlət idarəçiliyi makrosəviyyəli bir idarəçilik sistemidir. Bu metodların tətbiqi dövlət idarəçiliyi sahəsində elmı təhlıh makroıəvıyyədən mikrosəviyyəyə endirməyə, dövlət idarəçiliyi sferasında müxəlif şəxsləri, bu şəxslərin davranışları ilə fəalıyyət istiqamətlərini öyrənməyə imkan verır. Bu metodların vasitəsilə dövlətin tarıxi tipləri, dövlət rejımlərinin qruplaşdırlması və digər yanaşmalar hazırlaır. Dövlət idarəçiliyi sistemində ictimai elmlər üçün spesifik görülən metodların tətbiq edilməsi bunların dövlət idarəetməsinə xas olan keyfiyyətlərinin təyin edilməsi və istifadəsi tələb olunur. Buna nümunə olaraq göstərmək olar ki, müqayisə metodundan istifadə edilməsi zamanı müqayisəsi aparılan hadisələrin kəmiyyətcə analizi ilə yanaşı, onların keyfiyyətlərinin tərəflərinin göstərilməsi, bu keyfiyyət fərqinin nəzərə alınaraq prosesin davamını zəruri edir. Şübhəsiz olaraq qeyd edilməlidirki, idarəçilik sistemində adları çəkilməyən başqa metodlardanda istifadə olunur. Ancaq bu mtodlardan heç biri ayrı olaraq idarəetmənin keyfiyyətlə reallaşması məqsədilə kifayət etmir. Belə ki, həmin metodlardan birlikdə, yəni kompleks olaraq qarşılıqlı surətdə istifadə edilməsi dövlət idarəetməsinin müvəffəqiyyətlə tətbiqini şərtləndirə bilir. Bundan başqa dövlət idarəçiliyində mövcud olan çoxsaylı metodların bütününü heçdə eyni səviyyədə tətbiq etmək mümkün deyil. Mütəxəssislər görə buna ehtiyac yoxdur. Ümumiyyətlə, müxtəlif metodlardan bir çoxu bəzi xüsusıyyətlərlə və müəyyən konkret şəraitdə məhdudiyyətlərlə tətbiq olunur. Almanyada elmi ədəbiyyatlarda dövlət idarəetməsinin iki metodla həyata keçirildiyi bildirilir. Bunlardan ilk metod neqativ metoddur. Birinci metoda əsasən klassik formada hakimiyyət bölgüsü konsepsiyasına uyğun dövlət idarəetmə subyektlərnin həyata keçirdikləri əməliyyatlara qanunverici orqanlarla məhkəmə əməliyyatları aid olunur. Dövlət idarəetməsinin pozitiv metodunda isə idarəetmə fəaliyyətilə müəyyən səviyyədə qanunverici hakimiyyətlə məhkəmə hakimiyyəti maraqlanır.
Müasir dövrdə bir çox inkişaf etmiş ölkələrdə tətbiq edilən dövlətin kadr siyasətinə müasir yanaşmanın istifadəsinin zəruriliyini ilk dəfə Böyük Britaniya və Avstraliyadan olan alimlər irəli sürmüşdür . Günümüzdə həm özəl sektorda fəaliyyət göstərən müəssisələrdə, həm dövlət sektoru qurumlarında avtoritar idarəetmə rejimi və onun metodları deyil, demokratik idarəetmə tətbiq edilir. Buna görə də iyerarxik və birtərəfli güc tətbiqetməni kənarlaşdırmaq lazımdır.
Dövlət qulluğu
Dövlət qulluğunda xüsusi önəm daşıyan məcmu keyfiyyətin artırılması metodu ilk dəfə Thatcher dövründə İngiltərədə daha sonra isə digər ölkələrdə tətbiq edilməyə başlandı. Böyük Britaniya, Kanada, Yeni Zelandiya kimi ölkələrdə dövlət qulluğu insan resursları siyasətində bu metoda əsaslanan proqramlar tətbiq edilir. Dövlət qulluqçusunun peşəkarlığı onun davamlı inkişaf etməsindən və əmək fəaliyyəti üçün yeni tələblərə uyğunlaşmasından asılıdır. Yeniliklərlə parelel qaydada varisçilik prinsipi də daim gündəmdə qalır. Dövlət orqanı menecerləri həm spesifik ixtisas peşə bilikləri, həm də geniş idarəetmə qabiliyyətlərində tətbiq edilən yenilikləri mənimsəməklə yanaşı, uzun illərdir tətbiq edilən və özünü doğrultmuş bilikləri, təcrübəni qoruyub saxlamalıdır. Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” qanununa əsasən, dövlət qulluqçusunun əlavə təhsil alması üçün onun daha yüksək vəzifəyə təyin edilməsi, dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi,dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, şəxsi təşəbbüsü əsasları var.
Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam edilə bilər. Dövlət qulluqçularının davamlı inkişafını və təkmilləşməsini təmin etmək üçün xüsusi təlim müəssisəsi şəbəkəsi yaradıla bilər. Bu prosesi pandemiya dövründə və sonrakı ərəfədə uzaqdan məsəfali formada tətbiq etmək mümkündür. Dövlət qulluqçularını bu təlimlərdə iştiraka cəlb etmək üçün əsas motiv isə vəzifə yüksəlişi və fərdi karyera planlaşdırılmasıdır. Yəni, keçirilən təlimlər və əlavə təhsilalma proqramları müəyyən nəticəyə əsaslanır.
Məsələn, ABŞ təcrübəsində hər bir dövlət qulluqçusunun fərdi karyera hədəf planları vardır. Nəzərə alsaq ki, qeyd olunan təlim mərkəzlərinin fəaliyyəti müəyyən vaxt və maliyyə resursları hesabınadır, bu zaman xərclənən vəsaitəyə uyğun olaraq fayda təmin edilməlidir. Buna görə də bu təlimləri məhz konkret çatışmazlıqlar yönündə təkmilləşdirmək ola bilər. Bir sıra qabaqcıl təcrübələrdə təlimlərə cəlb edilən şəxslər üçün seçimlər aparılır. Dövlət qulluqçuları arasında təlimə tələbatı dövlət orqanı müəyyənləşdirir.
Müasir inzibati idarəetməni və dövlət xidmətlərini kompütersiz, texniki vasitələrdən olmadan təsəvvür etmək qeyri-mümkündür. Dövlət orqanlarının əməkdaşların texniki bilikləri daim yenilənməlidir, buna görə də kompüter və digər proqram-texniki vəsitələrdən istifadə etməkdə çətinlik çəkən işçilər üçün bu tipli kursların təşkili vacibdir. Təlimlər lokal olaraq təşkilatdaxili, xüsusi mərkəzlərdə, həm də xarici ölkələrdə stajkeçmə formasında olur. Xarici ölkələrdə stajkeçmə, qabaqcıl təcrübəni praktiki olaraq öyrənmə işçilər üçün daha motivasiya edicidir. Bunun üçün xüsusi müsabiqələr elan oluna bilər və bu müsabiqələrin qaliblərini dövlət hesabına təlimlərə göndərmək olar.
Təlimlərdə aşılandırılacaq bacarıq və vərdişləri aşağıdakı 2 qrupda göstərə bilərik:
ümumi bacarıqlar: bütün dövlət qulluqçularını, dövlət orqanı əməkdaşlarını , staj və sınaq dövründəki qulluqçuları ümumi qanunvericilik,etika, hesabatlılıq, İKT qabiliyyətləri kursuna cəlb etmək ; fərdi və peşəkar inkişaf:
Təlimlərin əsas məqsədi olan dövlət qulluqçularının peşəkarlığının artırılması ilə yanaşı onların mənəvi-psixoloji səviyyəsinin də yüksəldilməsi əhəhmiyyətlidir. Dövlət qulluqçularının bu təlimlərdə aktiv iştirakı , təlimdən əvvəl və sonrakı fəaliyyətində kəmiyyət-keyfiyyət göstəriciləri qiymətləndirilməlidir. Belə olduğu təqdirdə dövlət qulluqçuların iş keyfiyyəti artır və dolayısı yolla dövlət qurumunun fəaliyyəti yüksəlir.
Almaniya Federativ Respublikasında dövlət qulluqçuları üçün təşkil edilən əlavə təhsil proqramlarında yüksək maddi stimul və bonus sistemləri tətbiq edilir.Türkiyə Cümhuriyyəti dövlət insan resursları təcrübəsində dövlət qulluqçularının inkişafı üçün keçirilən təlimlərin məqsədi isə dövlət qulluqçularının qulluqda irəliləyişidir. Belə olduğu halda boş vakansiyalara da təyinat baş tutur. Rəhbər şəxslər üçün xüsusi təlimlərin həyata keçirilməsi adekvat addım olar. Dövlət orqanlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər planı hazırlanmalı, dövlət orqanlarının tədris mərkəzlərinin təcrübəsi öyrənilməli və onların gələcək fəaliyyəti ilə bağlı təkliflər hazırlanmalı, tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya qurumu yaradılmalıdır.
Dövlət qulluqçularının hazırlanması və peşəkarlığının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası fəaliyyət göstəririr. Akademiyada dövlət qulluqçularının inkişafı üçün əlavə təhsil proqramları 2 il və ya 3 il müddətinə həyata keçirilir.
Dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə 2016-cı ildən Akademiyada Mərkəzi Avropa İttifaqı və BMT İP birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında Dövlət Qulluğu Təliminə Dəstək” layihəsinin həyata keçirilməsinə başlanmışdır. Layihəsinin əsas məqsədi dövlət qulluqçularının təliminin və peşəkar inkişaf funksiyalarının idarəedilməsi və əlaqələndirilməsini gücləndirməkdir. Respublikamızda dövlət qulluqçularının elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. Peşəkarlığı əmələ gətirən əsas məqam nəzəri və praktiki biliklərin vəhdətidir. Buna görə də dövlət qulluqçularını elmi fəaliyyətə stimullaşdırmaq faydalıdır. Qabaqcıl təcrübələrdən olan Kanadada dövlət qulluğu təsnifatında elmi fəaliyyəti olan şəxslər prioritetlik təşkil edir.
Azərbaycan Respublikasında bu sahədə aparılan islahatlar
Azərbaycan Respublikasında günümüzdə orqandaxili və orqanlararası funksional islahatlara, səlahiyyət diversifikasiyanın azaldılmasına ehtiyac var. Dünyanın inkişaf etmiş ölkələrində qurumdaxili səlahiyyət reformları həyata keçirilərkən sertifikasiya təcrübəsindən istifadə edilir. Azərbaycan Respublikasında qurumların funksiyaları və vəzifələrində bəzi hallarda təkrarlanma olur. Buna misal olaraq, yerli icra hakimiyyəti orqanları ilə yerli özünü idarəetmə orqanlarının səlahiyyət bölgüsündə boşluqların olmasını göstərmək olar. Bu problem həmin orqanlardakı qulluqçuların peşəkarlığına təsir edən əsas amillərdən biridir.
Son illər müsbət hal kimi Azərbaycan Respublikasında orqanların vahid formaya gətirilməsi və ya əlaqələndirilməsi nümunəsini görürük. 22 Oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.
Azərbaycan Respublikasında digər bir nümunə isə “ASAN Xidmət” nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan bu mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi təmin edilir. Bu cür bölgünün aparılması ilə korrupsiyanın və bürokratik monopoliyanın qarşısı alınır. Göstərilən dövlət xidmətləri arasında üfüqi münasibətlər qurulması və sahələrarası koordinasiya proqramlarının tətbiqi məqbul olar. ASAN xidmət mərkəzlərinin əməkdaşlarının xüsusi ünsiyyət bacarıqları qazanması vətəndaşların diqqətini cəlb edir. Bu peşəkar xüsusiyyətin mənimsənilməsi üçün davranışın təkmilləşdirilməsi, biliklərin artırılmasına yönəlmiş 2 istiqamətli təlimlər keçilir. Bu təlimlərin keçirilməsi müasir dövlət qulluqçusundan gözlənilən davranış barədə təsəvvür yaratmışdır.
Təməli ASAN Xidmətdə qoyulan “könüllülük mexanizmləri” də həm qurumlar üçün peşəkar kadr hazırlığının başlanğıcıdır, həm də gənclər üçün iş mühitinə, dövlət xidməti sektoruna uyğunlaşma şansıdır.
Ölkəmizdə makroqitisadi problemlərdən olan gənclər arasında işsizlik problemi son illərdə azalmaqdadır. Gənc mütəxəssisləri əmək bazarında dövlət qulluğunda xidmət etməyə təşviq etmək və onların potensialından düzgün istifadə etmək labüddür.
Dövlət qurumlarında münasibətlər
Dövlət qurumlarında əməkdaşların psixoloji vəziyyətinə və peşəkarlığına təsir edən əsas ünsürlərdən biri korporativ mühitdir. Dövlət orqanı rəhbərliyi bu münasibətləri tənzimləmədə əhəmiyyətli rol oynayır. Dövlət qurumlarında münasibətlərin əsasını əməkdaşlıq, ümumi prinsip uğrunda işləmək və sağlam rəqabət təşkil etməyi qurumun məhsuldarlığı üçün faydalıdır.
Bəzən dövlət qulluqçularında belə bir fikir formalaşır ki, dövlət orqanı dövlət büdcəsi hesabına fəaliyyət göstərir və bu səbəbdən orqanın müflis olma ehtimalı yoxdur, beləliklə, hər hansı bir gəlirlilik əmsalı olmasa da o, öz işini itirməyəcək . Lakin bu səhv və zərərli düşüncədir. Dövlət qurumlarında fərdi qaydada və şöbələrarası rabitə daim güclü olmalı və sektorlararası koordinasiya qurumun səlahiyyətlərini tamamlamalıdır. Müasir idarəetmədə qurumdaxili sağlam konfliktlərin olması faydalıdır. Dövlət qurumunda konfliktlərin idarəedilməsi və tənzimlənməsi üçün xüsusi metodlardan istifadə edilir.
Dövlət qulluqçularının peşəkar fəaliyyətini müəyyənləşdirən xüsusiyyətlər arasında şəffaflıq və hesabatlılıq önəmli yer tutur. Dövlət qulluqçularının fəaliyyətinin hesabatlılığı həm də dövlətin və qurumun hesabatlılığı deməkdir. Azərbaycanda inzibati amirlik idarəetmə rejimində vətəndaşlar qarşısında birbaşa hesabatlılıq mexanizmi olmayıb. Lakin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra demokratik idarəetmə sistemi olduğu üçün hesabatlılıq da həm üfüqi, həm də şaquli formada təzahür edir.
Dövlət qulluqçusunun etik dəyərlərə münasibəti onun peşəkarlığının digər bir ünsürüdür. Azərbaycan Respublikasında “Dövlət qulluqçularının etik davranışı haqqında” qanunu ilə dövlət qulluqçularının peşəkar xidməti davranışı təyin edilir. Dövlət qulluqçuları inzabati qərarlar verməzdən öncə öz qərarının nəticəsini proqnozlaşdırmalı və şəxsən məsuliyyət daşımalıdır. Etik qaydalar və hesabatlılıq olmadan heç bir inzibati uğur qazanıla bilməz. Dövlət qulluqçuları hər bir halda etik davranış qaydalarına riayət etməlidirlər. Dövlət idarəetməsində bəzi hallarda etik dillemmalar yaşanır ki, bu hallarda öz davranışını hüquqi, etik cəhətdən dəyərləndirməyi bacarmalıdır.
Müasir dövrdə idarəetmənin əsasını düzgün, adekvat və obyektiv məlumat təşkil edir. Dövlət qulluqçusu lazımi hallarda bu məlumat mübadiləsini etməli və xidməti məlumatları vaxtında və düzgün istifadə etməlidir. Çağdaş dövlət qulluqçusunun bilik səviyyəsini göstərən xüsusiyyətlərdən biri isə elektron məlumat bazalarının istifadəsi, hibertəhlükəsizlik haqqında bilikləridir. Müasir idarəetmənin və eləcə də dövlət idarəetməsinin təməlini təşkil edən elektron hökümət modelində də bacarıqların olması zəruridir.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanının qəbul edilməsi, həmçinin ölkə Prezidenti tərəfindən müvafiq qurumların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu kimi platformalarda biznes qurumları, vətəndaşlarla və qeyri-hökümət təşkilatları ilə ünsiyyət qurma, ictimai əlaqələrin standartlaşdırılması labüddür.
Dövlət qulluqçularının vəziyyətə uyğunlaşma qabiliyyəti peşə fəaliyyətinə təsir edir. Keçən əsrin ortalarında müasir idarəetmədə əsas iki yanaşmadan biri olan “vəziyyət yanaşma”sının da təməl prinsipi budur. Digər bir müasir idarəetmə yanaşması isə stress yanaşmasıdır ki, burada planlaşdırma, disiplin və təhlil üzə ön plana çıxır. Vəziyyətə uyğunlaşma- adaptasiya modelinə görə 3 işçi növünü fərqləndirək:
-Yeni və təcrübəsiz işçinin adaptasiyası
-Təcrübəli , lakin kollektivdə və ya qurumda yeni olan işçi
-Müasir-innovativ texnologiyalardan istifadə üçün yaşlı insanların uyğunlaşması
Dövlət idarəetməsində sıx tətbiq edilən meritokratiya modelinə əsaslanaraq qeyd edək ki, dövlət qulluğunda qəbulda və vəzifədə irəliləyişdə nepotizm halının qarşısı kəskin alınmalıdır. Bu cür hallar zamanı həm “yararlanan” şəxs fərdi inkişafında maraqlı olmur, həm də bu halı müşahidə edən digər işçilərin motivasiyası azalır. Bu da kompleks halda dövlət qurumunun peşəkarlıq dərəcəsini aşağı salır və vətəndaşların orqana olan inamı azalır. Dövlət qulluqçuları arasında hər hansı bir zəmində ayrı-seçkilik salına bilməz. Bu baxımdan Azərbaycan Respublikasında problemlər azdır. Belə ki, gender-dini-irqi-etnik ayrı-seçkiliyin salınması halı yoxdur.
Avropa ölkələrində dövlət sektorundakı inkişafın əsas səbəblərindən biri tətbiq edilən “Keyfiyyət İdarəetmə Qurumu”nun yaratdığı Mükəməllik modelidir. Bu model 2 qrup və təməl 9 kriteriyadan ibarətdir. Bu kriteriyaların arasında ölkəmiz üçün də tətbiqi faydalı olacaq olanlar aşağıdakılardır:
-resursların idarə edilməsi,
-liderlik xüsusiyyətləri,
-dövlət qulluqçularının məmnuniyyəti və vətəndaş məmnuniyyətinin vəhdəti
Dövlət qurumlarının fəaliyyəti və təkmilləşməsi haqqında dövlət qulluqçuları öz fikirlərini və təkliflərini rahat bildirə bilməsi üçün müxtəlif sorğulardan, xüsusi görüşlərdən istifadə etmək məqsədəuyğun olar. Bununla təkcə ayrı-ayrı fərdlərin iş fəaliyyəti deyil, eyni zamanda qurumun və dövlət qulluğunun da iş fəaliyyəti təkmilləşəcək. Yəni, dövlət qulluqçusu özünü həm mikro , həm də makro mənada əhəmiyyətli hiss edəcək və bu onun motivasiyası üçün xeyirlidir.
Dövlət qulluqçularının iş keyfiyyətinin artması və dövlət qulluğu karyerası inkişafı birbaşa özündən və dövlət qurumundan asılıdır. Hər bir işçi kadr kimi hansı səlahiyyətləri sevdiyini, hansı iş sahəsində daha bacarıqlı olduğunu, quruma hansı faydanı verdiyini qararlaşdırmalıdır. Dövlət qurumları işçilərin inkişafına daim dəstək olmalıdır. Dövlət qurumlarının tərkibində psixoloji təhlil mərkəzlərinin olması bu baxımdan faydalı olardı. Bu işgüzar- psixoloji təhlil mərkəzlərinin vəzifə funksiyalarını aşağıdakı qaydada göstərə bilərik:
-İşçilərin peşəkar hədəflərini müəyyənləşdirmək və qurumun hədəfləri ilə uyğunlaşdırmaq;
-Şöbə və sektorlar qarşısında hədəflərin olması;
-Ümumi prinsiplər uğrunda işləməyin təmin edilməsi;
-İşçilərin peşəkar inkişafına mane olan halları aradan qaldırmaq;
-İşçilərin sosial dəyərlərini təhlil etmək;
-İşçilərin xüsusi bacarıq və istedadlarını müəyyənləşdirmək;
-Motivləşdirici proqramları həyata keçirmək;
- Kollektivin, ayrı-ayrı şöbə və sektorların , dövlət qulluqçularının iş performansını dəyərləndirmək;
-Sınaq məqsədli səlahiyyət dəyişiklikləri həyata keçirmək və çətin tapşırıqlar vermək;
-Vətəndaşların fikrinin daimi təhlili;
-Dövlət qulluqçularının qurum və vəzifə haqqında daimi təhlilləri və s.
Dövlət qulluğu kadr siyasətinə müasir yanaşma üçün insan resursları mərkəzləri yaradıla bilər. Azərbaycan Respublikasında 9 avqust 2018-ci il tarixdən DOST mərkəzlərinin xüsusi bir kateqoriyası kimi dövlət qulluğu insan resursları və əmək fəaliyyəti ilə bağlı xidmətləri göstərən mərkəzlər faydalı olardı.
Dövlət idarəçiliyində kompetensiya modelinin tətbiqi aktual məsələlərdəndir. Amerikan mütəxəssislər daha çox “şəxsi” yanaşmanın tərəfdarları olduğundan kompetensiya anlayışının həcmini ya şəxsi keyfiyyətlərlə, ya da bilik, bacarıq və qabiliyyət ilə məhdudlaşdırıb KSAO adlandırırlar: Bilik,Bacarıq,Qabiliyyət,Digər xarakteristikalar Çox vaxt edilən səhvlərdən biri bu xüsusiyyətləri səhv salmaq və ya hər hansı birini ümumiyyətlə nəzərə almamaqdır. Lakin idarəetmədə işçinin tam inkişafı hər birinə eyni dərəcədə yanaşma tətbiq edilməlidir. Nisbi və ya mütləq formada zəiflik təşkil edən bəndin fərdə uyğun xüsusi inkişaf proqramı olmalı və qiymətləndirmələr arası təhlil aparılmalıdır. Bunun əsas məqsədlərindən biri sadaladığımız 4 nüansın vaxt intervalı ərzində dəyişiklik göstərib-göstərməməsidir.
Azərbaycan Respublikasında Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun təqvim ili ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusu rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilə bilər, barəsində həvəsləndirmə tədbiri görülə bilər. Əgər qeyri-qənaətbəxş olarsa onun aşağı inzibati vəzifəyə keçirilməsi məsələsinə baxılır. Əslində burada bir çox modelin – müsahibə, nəticə əsaslı, məqsədlərin qoyuluşu əsasında idarəetmə metodu istifadə olunur.
Böyük Britaniyada da qiymətləndirmə zamanı hədəflər, qərar vermə, ünsiyyət kimi meyarlar əsas götürülür. Danimarkada işçi-rəhbər münasibətləri, vəziyyətə uyğunlaşma kimi bacarıqlar da qiymətləndirmədən keçir. Fransada texniki bacarıqların xüsusi əhəmiyyəti, Sloveniya yaradıcılıq, təşəbbüskarlıq kimi meyarlar var. Bundan əlavə gündəlik, rüblük yoxlamaların aparılması da illik nəticəyə müsbət təsir edə bilər.Ölkəmizdə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirməsinin bilavasitə rəhbərin yoxlaması bürokratik əngəldir. Bir çox ölkədə bu cür kənar audit sistemlərindən istifadə edilir.
Dövlət qulluqçularının peşəkarlığının artırılması üçün motivasiya tədbirləri lazımdır və mükafatlandırılma maddi-mənəvi qruplaşdırılır. Dövlət qulluqçularının motivasiyasına təsir edən maddi amillərdən biri əmək haqqıdır. Azərbaycan Respublikası “Dövlət qulluğu” haqqında qanuna əsasən, dövlət qulluqçularına verilən dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Pilot layihə kimi hər hansı bir dövlət qurumunda differensial əmək haqqı sistemi yaradıla bilər.
Nəticə
Dövlət qulluqçularının peşəkarlığına stabil bir məfhum kimi baxmaq olmaz. Əmək bazarında və idarəetmədə ildən-ildən intensiv dəyişikliklərin olması peşə sahiblərinə də təsir edir. Dövlət qulluqçularının peşəkarlığına kompleks yanaşma tətbiq edilməlidir. Bu mürəkkəb bir mexanizm olsa da nəticəsi sosial rifaha təsir edəcək. Kadr hazırlığı və dövlət meneceri hazırlığını həyata keçirən dövlət orqanlarında “yenidən hazırlıq” ixtisası yaradılsa və köhnə işçilər bu təhsilə cəlb edilsə effektiv olar. Həyata keçirilən bütün bu tədbirlərdə məqsəd təkcə zəiflikləri və çatışmazlıqları müəyyənləşdirmək deyil, eyni zamanda yaxşı fəaliyyəti müəyyənləşdirmək də olmalıdır. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil audit təcrübəsinin olması və mükafatlandırmanın qeyri-maddi stimul üzərindən aparılması lazımdır.
Səttar Zamanov
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi
Norveç Krallığının "Norveç Beynalxalq Elmin İnkişafı Jurnalı"nda dərc edilmişdir