“Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı – mediasiya” mövzusunda konfrans keçirilib
“Naxçıvan Saray”da keçirilən konfransda əvvəlcə Azərbaycanda mütərəqqi hüquq islahatlarının əsasını qoyan Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, həm dövlətin qorunması həm də hüquq islahatlarının həyata keçirilməsi Ümummilli Liderin əsas ana prioritetlərindən olub. Belə ki, dahi şəxsiyyət ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ilk apardığı 4 islahatdan biri kimi ölkədə hüquq islahatı, hüquqi dövlətin qurulması, məhkəmə-hüquq sisteminin yenidən formalaşdırılması olub, o cümlədən hüquq-mühafizə orqanları ilə bağlı tarixi fərman imzalayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı davamlı hüquq islahatlarının nəticəsində isə son dövrlərdə mediasiya sahəsində də kifayət qədər uğurlar qazanılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçısının burada apardığı islahatlar, səlahiyyətli nümayəndəlik institutunun yaradılması ilə yeni tərəqqi dövrü başlanılıb. Aparılmış yeni idarəetmə islahatından sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Proqramda 11 prioritet istiqamət nəzərdə tutulub ki, nəticədə, 5 ilin sonunda tam fərqli bir mənzərə ilə qarşılaşacağıq. Bu gün hüquq islahatı iqtisadi islahatla paralel gedir və ölkədə son dövrlərdə həm ədalət mühakiməsinin səmərəliliyinin artırılması, həm də müxtəlif norma yaratmaq fəaliyyəti istiqamətində görülmüş tədbirlər bu sahədə daha yüksək mərhələyə qədəm qoymağa əsas verib. Buna görə də mediasiya sahəsində əldə edilən uğurlu nəticə sonrakı mərhələdə beynəlxalq müstəviyə daşınmalıdır. Səlahiyyətli Nümayəndəlik tərəfindən bununla bağlı konsepsiya hazırlanıb və konsepsiyanın ana xəttini mübahisələrin alternativ həlli yolları təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxışında qeyd edib ki, Ulu Öndər tərəfindən 2000-ci ildən başlanan məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. Bu islahatların davamı kimi mediasiya haqqında qanunun qəbul olunması və beləliklə, mediasiya fəaliyyətinin başlanması məhkəmələrin iş yükünün azalmasına xidmət edib.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Hüseyn Səfərov çıxışında bildirib ki, mediasiya sahəsinin üstün cəhətləri vardır. Belə ki, məhkəmələrin, əsasən, obyektiv həqiqəti üzə çıxarmaq imkanları olduğu halda mediasiya prosesində real həqiqəti üzə çıxarmaq daha asan olur. Çünki məhkəmə prosesləri ciddi qaydalar əsasında tənzimlənir, ancaq mediasiyada şəxsiyyət ayrı-ayrılıqda çağırılıb dindirilə bilir. Yəni mediatorun imkanları tələbləri barışığa gətirməkdə hakimlərdən daha çoxdur.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında 2023-ci ildə şuraya daxil olmuş müraciətlər və mediasiya fəaliyyəti barədə məlumat verib. Bildirib ki, il ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına, ümumilikdə, 40 min 826 müraciət daxil olub və hazırda onların 32 min 103-ü tamamlanıb. 35 min 863 müraciət ailə mübahisələri, 3 min 975 müraciət kommersiya mübahisələri, 988 müraciət isə əmək mübahisələri üzrə qeydiyyata alınıb. Daxil olan 40 min 826 işdən əsassız iddiaların və ilkin mediasiya sessiyalarında iştirak etdikdən sonra məhkəməyə müraciət etmək fikrindən imtina edən müraciətlər üzrə xitam verilən müraciətlərin sayı isə 6 min 821 təşkil edir. Bu isə məhkəmələrin iş yükünün azaldılmasında, əsassız iddiaların qarşısının alınmasında mühüm rol oynayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov “Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində aparılan islahatlar və mediasiyada vəkilin rolu”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Səttar Zamanov “Naxçıvan Mediasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikasının yerli qurumları arasında səmərəli əməkdaşlığın perspektivləri” və Naxçıvan Mediasiya Təşkilatının rəhbəri Yusif Həsənov “Naxçıvan Mediasiya Təşkilatının fəaliyyəti barədə hesabat, görülmüş işlər və qarşıda duran vəzifələr” mövzularında çıxış ediblər, müzakirələr aparılıb.
***
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov konfransın əhəmiyyəti, mediasiya sahəsində gələcək fəaliyyət planları barədə “Şərq qapısı” qəzetinə müsahibə verib. O deyib: – Ümummilli Liderin 100 iliyinə həsr olunmuş bugünkü konfrans mütərəqqi hüquq islahatlarının davamı sayılan mediasiya mövzusuna həsr edilib. Konfransın açılış hissəsində natiqlər öz çıxışlarında mediasiya sahəsi üzrə tövsiyələr verdilər. Bir azdan Naxçıvandan olan həmkarlarımızın, vəkillərin, hüquqşünasların, məhkəmə hakimlərinin o cümlədən dövlət və qeyri-dövlət təşkilatlarının iştirakı ilə mediasiya mövzusunda müzakirələri davam etdirəcəyik. Ümumiyyətlə, konfransın məqsədi 2024-cü ildə qarşımızda duran hədəflərin müzakirəsi, mediasiya xidmətlərinin keyfiyyətinin artırılması və daha ciddi nəticələrə nail olmaqdan ibarətdir. Əminəm ki, konfrans öz işini yüksək səviyyədə yekunlaşdıracaq və biz Naxçıvandan uğurlu nəticələrlə gedəcəyik. Onu da qeyd edim ki, bu konfrans həm də bizim üçün çox gözəl başlanğıc sayılır. Ümummilli Liderin 100 iliyi ilə başladığımız bu prosesi 2024-cü ildə də davam etdirmək, Mediasiya Şurasının xüsusi fəaliyyət planı əsasında Naxçıvan Muxtar Respublikasında fəaliyyətimizi daha da genişləndirmək istəyirik.