Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun sədrliyi ilə 2023-cü ildə muxtar respublika ədliyyə orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş kollegiya iclası keçirilib. İclasda nazirliyin rəhbərliyi və əməkdaşları, Penitensiar Xidmətin rəisi və məsul əməkdaşları, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, yerli icra və probasiya qurumlarının rəisləri, nikah evləri və qeydiyyat şöbələrinin rəisləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən nazir müavini 2023-cü ildə dövlətimizin əldə etdiyi uğurların əhəmiyyətindən bəhs etmiş, Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin xalqımızın milli sərvəti olan zəngin irsinə həsr olunan silsilə tədbirlər keçirildiyini, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyində “Heydər Əliyev ili” çərçivəsində Ədliyyə Nazirliyinin foyesində Ulu Öndərin mərmərdən hazırlanmış büstünün qoyulduğu, həyat və fəaliyyətini əks etdirən guşə yaradıldığını, fotostend quraşdırıldığını, həmçinin Ali Baş Komandan Cənab İlham Əliyevin 20 illik fəaliyyətinin və zəfər yolunun təntənəsini əks etdirən fotostendlərdən ibarət guşənin yaradıldığını bildirib.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə müasir, müstəqil Azərbaycanın son 20 ildə hərtərəfli davamlı inkişafından, möhtəşəm qələbəmizlə azad edilmiş torpaqlarımızda aparılan geniş quruculuq işlərindən bəhs edib. Cari ilin 07 fevralında keçirilən növbədənkənar Prezident seçkilərinə toxunaraq, müstəqillik tariximizdə ilk dəfə seçkilərin ölkəmizin bütün ərazisində keçirildiyini, çoxsaylı seçicinin, öz torpaqlarına qayıdan vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzurda səs verdiyini, tarixdə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin ailəsi ilə birlikdə Xankəndində səs verdiyini vurğulayıb. Bu seçkinin zəfər tariximizin yeni mərhələsinin başlanğıcı olduğunu, xalqımızın Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevə səs verməklə və onun ətrafında sıx birləşməklə, əslində dövlətimizin və dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkəmizin inkişafına möhtəşəm töhfə verəcəyinə əminliyini ifadə edib.
İclasda həmçinin vurğulanıb ki, 22 dekabr 2022-ci ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi fəaliyyətə başlamış, səlahiyyətli nümayəndəliyin rəhbərliyi ilə muxtar respublikada köklü islahatlara start verilmiş, quruculuq işlərinə başlanılmışdır. Bu islahatlar bütün sahələrdə, o cümlədən ədliyyə sahəsində də işin təşkilinin ümumi islahatların məzmununa uyğun qurulmasını, idarəçiliyin müasirləşməsini labüd edir.
Nazir müavini həmçinin hesabat ilində görülmüş işlərlə bağlı məlumat verib.
Kollegiya iclasında Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin rəislərinin, nazirliyin şöbə və bölmə rəislərinin, yerli icra və probasiya qurumlarının rəisləri, Nikah evləri və qeydiyyat şöbələrinin rəislərinin çıxışları dinlənilib.
Penitensiar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilmiş, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunmuş, onlarla profilaktik tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri gücləndirilmiş, 1 fakt üzrə İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır. Həmçinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir neçə xarici ölkə vətəndaşlarının cəzalarının çəkilməmiş qalan hissəsini çəkmələri üçün öz ölkələrinə təhvil verilmələri həyata keçirilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzində ötən ilin eyni dövrü ilə müqayisədə işlərin sayı 3 dəfəyə yaxın artaraq 1292 işə çatmış, ekspertlər 2774 suala cavab verməklə qaldırılmış məsələlərin 99,96%-ni həll etmişlər.
Qanunvericilik sahəsində səmərəliliyin artırılması və qəbul edilmiş hər bir hüquqi aktın dövlət reyestrinə daxil edilməsi işi diqqətdə saxlanılmış, muxtar respublikada hansı hüquqi aktların qəbul edildiyi və onlardan hansıların reyestrə daxil edilməsi üçün təqdim edildiyi və təqdim edilmədiyi araşdırılmış, qəbul edilmiş lakin hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üçün nazirliyə təqdim edilməyən hüquqi aktlarla bağlı aidiyyəti dövlət qurumlarına, yerli özünüidarə orqanlarına müvafiq məktublar ünvanlanmış, hüquqi aktların layihələrinə rəy verilməsi prosesi genişləndirilmiş və vizalanma ilə bağlı prosedur qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin milli qanunvericilik bazası olan e-qanun.az elektron resursuna inteqrasiya olunması ilə əlaqədar işlər görülmüşdür.
Əhalinin hüquq mədəniyyətinin artırılması və maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılmış, maarifləndirmə işi ötən ilin eyni dövrü ilə müqayisədə 45% artaraq 2254-ə çatmışdır.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində nazirlikdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların qəbulu həyata keçirilmişdir. Ədliyyə orqanlarında vətəndaş müraciətlərinə baxılması və qəbulu işinə daim nəzarət olunmuş, vətəndaş müraciətləri ötən ilin eyni dövrünə müqayisədə 2,17 dəfəyə yaxın artaraq 752 müraciətə çatmış, nazirliyin rəhbərliyi tərəfindən nazirlikdə və Culfa rayonunda keçirilən qəbullarda ümumilikdə 68 vətəndaşın şifahi müraciəti dinlənilmişdir.
2023-cü ildə 10 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınmış, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və sənədlərin leqallaşdırılması ilə bağlı 19340 manat rüsum dövlət büdcəsinə ödənilmişdir.
Məhkəmələrin fəaliyyəti üzrə iş yükünun xeyli artması öz təsirini ədliyyə fəaliyyəti sahəsində də göstərmişdir. Belə ki, məhkəmə qərarlarının icrası istiqamətində işlərin sayı ötən dövrlə müqayisədə 33%-ə yaxın artmışdır. Bununla belə hesabat ilində 4988 sənədin icrası təmin edilmiş, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlərə xüsusi diqqət yetirilmişdir. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 141 nəfər borclu məhkəmə qərarları ilə inzibati qaydada həbs edilmiş, 11 nəfər cərimə edilmiş, öhdəliklərini yerinə yetirməyən 1373 nəfər borclu barəsində axtarış qərarı verilmiş, 311 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, məhkəmə qərarlarını icra etmədiklərinə görə 6 nəfər borclu barədə cinayət işi başlanmışdır.
Probasiya sahəsində məhkum olunmuş şəxslərlə profilaktik görüşlər keçirilmiş, elektron nəzarət vasitəsi tətbiq edilmiş məhkumların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7 dəfə artaraq 63 nəfərə çatmışdır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təmin olunması üzrə təsirli tədbirlər görülmüş, maarifləndirilmə və bələdiyyələrə metodoloji yardımın gücləndirilməsi işi diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində 3983 bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilmiş, fəaliyyəti zamanı qanun pozuntusuna yol vermiş 3 bələdiyyə sədri barəsində inzibati xəta protokolu tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
Kollegiyada görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə edilib. Ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, nazirliyin fəaliyyətində səmərəliliyin artırılması, yerli qurumlara əməli köməkliyin gücləndirilməsi, hüquqi maarifləndirmə işlərinin davam etdirilməsi, vətəndaşlarla ünsiyyətdə olan əməkdaşların onlara münasibətdə nəzakətli, qərəzsiz yanaşılmasına dair tapşırıqlar verilib.
Sonda təqdim edilmiş sənədləri qanunvericiliyin tələblərinə uyğun olan bir neçə qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb.