Bələdiyyələrin birləşməsi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib
Dekabrın 17-də Babək rayonu Hacıvar bələdiyyəsinin inzibati binasıda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Bələdiyyələrin birləşməsi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər” mövzusunda seminar keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyələrin birləşməsi sahəsində qəbul edilmiş yeni qanunvericilik aktları və dəyişikliklər” mövzusunda çıxış etmişdir. Dəyişikliklərlə bağlı ətraflı məlumat verən Xəyal Eyvazov qeyd edib ki, yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə maliyyə-iqtisadi, kadr potensialı, ərazinin coğrafi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla bələdiyyələr üçün qanunvericilikdə aşağı hədd kimi əhali sayını 3000 nəfər, ev təsərrüfatlarının sayını isə 1000 vahid müəyyən edən müddəalar “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında əksini tapıb. Bu da yerli özünüidarəetmədə müəyyən xərcləri azaldacaq, maliyyə-iqtisadi potensialını genişləndirəcək, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağının artmasına gətirib çıxaracaq.
Sonra Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Təbriz Eyvazlı “Bələdiyyələrdə arxiv işinin düzgün təşkil olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək idarəetmə sənədlərinin Dövlət Arxivinə təhvil verilməsi üçün hazırlanarkən onların yenidən ekspertizadan keçirilməli olduğunu, daimi mühafizə olunan sənədlərin və işlərin siyahıları və ləğv edilmək üçün ayrılan sənədlərin və işlərin aktlarının tərtib edilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, idarəetmə sənədləri də milli arxiv fonduna daxil edilən sənədlərə aiddir. Lakin həmin sənədlər milli arxiv fonduna verilənədək idarə arxivlərində müvəqqəti mühafizə olunmalıdır.Yerli özünüidarəetmə orqanlarının sənədləri üçün bu müddət 5 il nəzərdə tutulmuşdur.
Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.