...

Xocalı şəhidlərinin ruhu şaddır

27-02-2024 | 12:58

Uzun illər fevral ayı hər bir azərbaycanlının Xocalı Faciəsini və faciə qurbanlarını hüzn və dəhşətlə andığı tarix idi. Hər il Xocalıya Ədalət devizi altında xarici ölkələrdə tədbirlər, şüarlar səsləndirir, məktəblərdə, idarə və müəssisələrdə günahsız qurbanları kədərlə yad edir, mətbuatda faciəyə həsr olunan yazılar dərc edirdik. Faciədən sonra ilk dəfə Xocalı Soyqırımı tarixini başımızı dik tutaraq, qururla anırıq. Cənab Prezident İlham Əliyevin də dediyi kimi “Xocalı qurbanlarının qanı yerdə qalmadı!” onun hər birimizin ürəyindən gələn, hər birimizin adından səsləndirdiyi kimi: “Bu gün Ulu öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.

Bu gün, Xocalı Soyqırımının törədilməsindən 32 il ötür. Yara həmin yara, acı həmin acıdır. Nə biz o faciəvi tarixdə həyatını itirən 613 nəfəri unutduq, nə meşədə soyuqdan donan körpələrimizi, nə də bir-birlərinin gözü önündə işgəncəyə məruz qalan soydaşımızı unutduq. Həmin faciədə tamamilə məhv edilən 8 ailəni, hər iki valideynini itirən 25 uşağı, valideynlərindən birini itirən 130 uşağı Unutmadıq.  Fəqət indi onların ruhu qarşısında vicdanımız rahat, alnımız açıq, ürəyimiz sərindir. Xocalı şəhidlərinin intiqamı alındı. Bu il faciəni ilk dəfə məhz doğma, yaralı Xocalımızda qeyd edəcəyik. Bayrağımızın səmasında dalğalandığı, ruhların aram olduğu şəhərdə!

2020-ci ilin sentyabırın 27-də başlayan və 44 gün ərzində böyük qələbəmizlə başa çatan müharibə 30 illik sülh səbrimizin daşan son damlaları oldu. Azərbaycanın tarixi torpaqları işğaldan azad oldu. Bu qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi əzminin, qəhrəman ordumuzun, canını Vətən üçün fəda edən oğullarımızın və xalq-ordu birliyinin düşmənə verdiyi dərsin nəticəsi ilə mümkün oldu. Münaqişənin həlli üçün yaradılan, lakin münaqişənin həllini illərlə gecikdirən ATƏT-in Minsk qrupunun Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsiri missiyası başa çatdı.

2023-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı və bununla da, 30 ildən çox məkrli qonşularımızın təcəvüzkarlığına, dünya ermənilərinin havadarlarına, Beynəlxalq aləmin laqedliyinə, xristian təəssübkeşliyinə qarşı apardığımız mübarizənin mühüm mərhələsini başa çatdırdıq.

Azərbaycanın bölgədə istər iqtisadi potensialına, istərsə geosiyasi əhəmiyyətinə görə daha güclü olması faktı danılmaz reallığa çevrildi. Regionun iqtisadi potensialının 80 faizindən çoxuna malik olan Azərbaycanın, geosiyasi əhəmiyyəti istər Qarabağın təbii-mineral ehtiyatları, istərsə də Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanlarının kəskin şəkildə artması baxımından Xəzər–Qara dəniz hövzəsi, Cənubi Qafqaz, Orta Asiya və hətta Yaxın Şərqdə daha da yüksəldi.

Ölkə başçısının Xankəndidə Azərbaycan bayrağını ucaldarkən böyük qürur və eyni zamanda ürək ağrısı ilə söylədiyi kimi: “Azərbaycan xalqı yaxşı bilir və əminəm, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər”. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhraman Azərbaycan ordusu bir daha sübut etdi ki, cəmi 23 saat çəkən antiterror əməliyyatı kifayət etdi ki, Azərbaycan Bayrağı Xankəndi, Xocalı və Əsgəranda ucalsın! Etnik təmizləmə siyasətinin başlıca təmsilçisi erməni qonşumuz işğal müddətində ərazidə azərbaycanlıların izini, irsini birdəfəlik kəsmək planlarını həyata keçirməklə məşğul oldular. Ermənistan ötən 30 il ərzində azərbaycanlılara qarşı 30 ildə öz xislətinə uyğun etnik təmizləmə və kütləvi qırğın siyasəti yeridib. Xocalıda qətliam törətməklə məqsədyönlü şəkildə etnik təmizləmə həyata keçirib. İndi isə yaxın qonşularından ümidini üzüb müxtəlif tribunalarda Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edir. Maraq sahiblərinin əlinə fürsət verir, bölgəni yenidən qaynar nöqtəyə çevirməyə cəhd edir. Ermənistan unudur ki, nə indi 90-cı illərdi, nə də Azərbaycan həmin Azərbaycan!

Xalqımız tarixdə olduğu kimi bu gün yenə də bölgədə sülh və əminamanlığın tərəfdarı olaraq humanist və mənəvi dəyərlərə önəm verir. İşğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan Ermənistanın isə tarixdən dərs çıxarmaq kimi bir niyyəti yoxdur, deyəsən. Cəmiyyətində bəlkə də qarşısıalınmaz çöküş yaşayan, məğlub olan qonşumuz sülh təklifini ən alternativ yol kimi qəbul etməli olduğu halda, rəhbərliyi, onu məqsədlərinin alətinə çevirən qərbli təəssübkeşlərinin səsinə səs verib Azərbaycanı etnik təmizləmədə günahlandırmağa çalışır.

Biz mərhəmətli, sülhpərvər xalq olsaq da, düşmənin amansızlığı nəticəsində O qanlı gecədə vəhşicəsinə qətlə yetirilən günahsız insanların – məsum körpələrin, qadınların, qocaların yaşadıqlarını unutmayacağıq. Xocalı faciəsi bizim qan yaddaşımız, sağalmayan yaramızdır. Bu faciə həm də unutqanlığımızın cəzası olan növbəti dəhşətli bir xatırlatmadır. Bunları unutmağımızın bədəli tarix boyu çox ağır olub və yaddan çıxarmamalıyıq ki, düşmənimiz ermənidir və onun xisləti dəyişmir...

 Artıq “Xocalıya ədalət!” kampaniyası, “Xocalıya böyük qayıdış”a çevrilməkdədir! Ölkəmizin həyatında baş verən yeniliklər, yeni dövrün başlanması hər bir bölgəmiz kimi, Xocalının da inkişafına, abadlaşmasına və çiçəklənməsinə imkan verəcək. Ədalətin Zəfəri Xocalının timsalında yaşanan bütün faciələrə ədalət üçün ümid şamı yandıracaq!

Nuranə Kərimova

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

"Naxcivanxebereleri.com" internet səhifəsində dərc edilib