...

Ulu Öndər Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılmasının yaradıcısıdır

04-09-2023 | 10:13

2023-cü ildə xalqımız Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən müdrik dövlət siyasəti nəticəsində dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycan Respublikasında mütərəqqi islahatlar aparılmaqla demokratik, hüquqi bir dövlət qurulmuşdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dövlət müstəqilliyimizin çətin bir dövründə, Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı bir vaxtda məhz belə bir dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və liderlik missiyasını öz üzərinə götürdü. Bu tarixi missiyanı xalqın tələbi ilə yenidən öz üzərinə götürən əvəzolunmaz liderimizin aşağıdakı kəlamına nəzər yetirsək bir daha görərik ki, bu dahi insan öz xalqına, dövlətinə, millətinə nə qədər bağlı olmuşdur. “...Bizim böyük məsuliyyətimiz var. Biz müstəqilAzərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim,Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır...” Müstəqil dövlətin demokratik inkişafı, möhkəmləndirilməsi, ölkədə əmin-amanlığın, sabitliyin və müstəqilliyin əbədi olması üçün demokratik Azərbaycan dövlətinin qurulması yeni bir strategiyanın həyata keçirilməsi ilə xarakterizə olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin inkişafı tarixində əhəmiyyətli rolu oldu. Konstitusiya müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri mülkiyyətin dövlət, bələdiyyəvə xüsusi olmaqla, 3 formasının yaradılması və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu – bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır. Konstitusiyanın qəbulundan sonra “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunları qəbul edilmişdir. Beləliklə,Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmış, yerli özünüidarəetmə sahəsini tənzimləyən normativ-hüquqi aktlar qəbul edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. İctimai iştirakçılığın əsas məqsədləri kimi yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili və qorunması müəyyən edilmişdir. Ölkəmizdəki mühüm dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm Dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəldilməsini şərtləndirir. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına xidmət edir və bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır. Qeyd etmək lazımdır ki, ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və inkişafının təmin edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqət göstərən Ulu Öndərin ölkə rəhbərliyinə qaydışından sonra da bu sahə diqqətdə saxlanılmış, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatları uğurla həyata keçirilmişdir. Məhz onun yaratdığıvə möhkəm əsaslar üzərində qurduğu Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmuşdur. Ölkə Prezidentinin fərmanlarına əsasən Ədliyyə Nazirliyində yeni qurumlar, o cümlədən Bələdiyyələrlə iş mərkəzi yaradılmışdır. Ölkəmizdə yerli özünüidarəetmə institutunun inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuş və həmişə qayğı göstərilmişdir. Bu qayğını Ulu Öndərimizin dediyi aşağıdakı fikirlərdən də görmək olar: “...Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demoktatiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Elə bu qayğının nəticəsidir ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərmək məqsədilə “Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinin bəzi məsələləri haqqında” ölkə Prezidenti tərəfindən 2000-ci il 8 fevral tarixdə Sərəncam imzalandı. Bu Sərəncam bələdiyyələrin işinin təşkili və onlara metodoloji yardım göstərilməsi sahəsində əsas hüquqi baza oldu. Sərəncama əsasən Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 may tarixli Sərəncamı ilə mərkəz yenidən təşkil edilərək struktur bölmə kimi Ədliyyə Nazirliyinin aparatına daxil edilmişdir. Bununla mərkəzin dövlət orqanı kimi statusu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyevin demokratiyanın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin bir istiqaməti də yerli özünüidarəetmənin səmərəli təşkilinə yönəlmişdir. Bu siyasət bələdiyyələrin təşkili və formalaşması ilə yerli demokratiyanın inkişafına və yerli əhəmiyyətli problemlərin həllinə müsbət təsir etmişdir. Nəticədə, cəmiyyətimizdə əhalinin mənafeyinin qorunmasında bələdiyyələrin rolu ildən-ilə artır. Artıq muxtar respublikamızda da bir çox yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr yaxından iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov

"Şərq qapısı" qəzetində dərc olunub