...

Bu gün biz iki hissi eyni anda yaşayırıq

04-03-2024 | 15:21

Tarixə baxış...

1992-ci ilin fevralın 17-də Qaradağlı faciəsindən bir həftə sonra ermənilər eyni hərbi birləşmələr vasitəsilə Xocalıya hücuma keçdilər. Qarqar çayının Həsənabad kəndi tərəflərindən, çayın sağ və sol cinahlarından Daşbulaq Xocalı yolu istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və nəhayət Əsgəran səmtindən Xocalıya zirehli qoşun yeridildi. Şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutuldu. İnsanlar çarəsiz şəkildə evlərini tərk edərək sığınacaqlara, zirzəmilərə yerləşdilər. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni dəstələrinin əhatəsində qalan şəhərin təqribən 2500 nəfərə yaxın əhalisi kütləvi şəkildə şəhəri tərk etməyə məcbur oldular. Qarlı-şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf gedən Xocalılar çayı keçdikdən sonra qarlı dağları aşıb Ağdama getmək istəyirdilər. Hər tərəfdə atışma getdiyindən, hər yerdə qaniçən ermənilər olduğunu nəzərə alıb meşəyə girməli oldular. Lakin orada düşmən orta mövqe tutaraq tələ qurmuşdu. Ermənilər dinc əhaliyə atəş açmağa başladı. Camaat pərən-pərən düşdü. Havanın şaxtalı olması səbəbi ilə Qarqar çayını keçən insanların hamısının ayaqlarını don vurdu. Ermənilər meşədə gizlənən insanlara Azərbaycan dilində çağırış edir, yaxına gələnləri əsir götürür, qaçanları isə güllə-baran edirdilər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə dinc əhaliyə misli görülməmiş divan tutdu. Əliyalın insanların ah-naləsi ərşə çıxmışdı. Yüzlərlə köməksiz və əliyalın insanlar amansızcasına qətlə yetirildi. Uşaqlara, qocalara, xəstələrə hətta hamilə qadınlara belə aman verilmədi. Cinayətkar erməni quldurlarının vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetrildi, 1275 nəfər əsir götürüldü, 1000-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 160 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl qoca idi. İnsanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik istiqamətində erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Ermənilər Xocalı sakinlərinin böyük bir hissəsini əsir götürdülər. Xocalı soyqrımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni əsirləri ilə dəyişdirilərək azad edilməsində Allahverdi Bağırovun böyük xidmətləri oldu. O üç gün ərzində 1000 nəfərdən çox Xocalı əsirini ermənilərin əlindən alaraq xilas etdi.

1992-ci ilin fevralında Xocalıda törədilən soyqrımı sanki 1905 və 1918-ci illərdə törədilən soyqrımların təkrarı idi. Çox təəssüf ki, əsrin əvvəllərində olduğu kimi XX əsrin sonlarında da beynəxalq aləmdə bu soyqırıma lazımi dərəcədə qiymət verilmədi. Ermənilər tərəfindən Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Qarabağ bölgəsində silahlı münaqişə zamanı baş vermiş ən qanlı cinayətlərdən biri və Ermənistanın uzun illərdən bəri Azərbaycan xalqına qarşı həyata keçiridiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqrımı eləcə də, Boğanus, Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşaiət olunan hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 %-ə qədəri işğal edildi, 20000 nəfər vətəndaşımız qətlə yetrildi, 50000 nəfərdən artıq insan yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Qisas...

2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu əzəli torpaqlarının işğaldan qaytarılması uğrunda vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarını işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Erməsintan ordusu darmadağın edildi. Faşist xislətinə bürünmüş Xocalı cəlladları öz haqlı cəzasını aldı. Vətən müharibəsinin gedişatında Azərbaycanın Gəncə, Bərdə və digər şəhər və kəndlərinin ballistik raketlərlə, kasetli bombalarla hədəfə alınması bir daha sübut etdi ki, zaman və metodlar dəyişsə də mülki əhaliyə qarşı qanlı cinayətlər törətmə Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bir faktı da qeyd etmək lazımdır ki, vaxtı ilə Ermənistan prezidenti olmuş Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan Xocalı soyqrımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. Sarkisyan hətta müsahibələrinin birində Xocalı soyqrımı yaratmaq ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qorxu və vahimə yaratmaq istədiklərini bildirmişlər. Bu səbəblə onlar həm Azərbaycan xalqı qarşısında, həm də beynəxlaq tribunallarda cavab verməli olacaqlar.

Dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində dünyanın bir sıra ölkələri artıq Xocalı faciəsini soyqrım olaraq qəbul edir. 2022-ci ilin yanvarın 28-də Azərbaycan Respublikası Prezidenti Xocalı soyqrımının 30-cu ildönümü haqqında Sərəncam imzalamışdır.

2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri seperatçılardan təmizlənmişdir. Ölkə Prezidenti Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın dövlət bayrağını ucaltmış və Xocalı qurbanlarının qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmişdir.

Xocalı həyatında yeni səhifə açılır. Yarım qalmış ümidlər, parçalanmış həyatlar yenidən nəfəs tapır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində artıq yenidənqurma işləri görülür, müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırılmaqla şəhər özünübərpa mərhələsinə qədəm qoyur. Xocalıya yeni nəfəs, yeni həyat bəxş edilir.

Bu gün biz iki hissi eyni anda yaşayırıq:

Xocalı faciəsi qan yaddaşımız:

Xocalı şəhərinin qəsbkarlardan təmizləməsi qürurumuzdur.

Həbibə Əliyeva

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

"Naxcivanxeberleri.com" internet səhifəsində dərc edilib