Alimentin ödənilməməsi: Valideynlər üçün risklər və cəzalar
Aliment sözü latın mənşəlidir və “alimentum” sözündən gəlir, mənası qidalanma və təminat deməkdir. Qida və təminat anlamında bu söz insan həyatının davam etməsi üçün vacib olan ehtiyacları ifadə edir. Hüquqi mənada isə aliment ödənişləri əsasən boşanmış valideynlər arasında olsa da, bəzi hallarda digər qohumların da öhdəliyinə aid ola bilər. Bu anlayışın düzgün tətbiqi cəmiyyətin sosial stabilliyinə və ədalətin təmin olunmasına mühüm töhfə verir. Ailə, uşağın fiziki, emosional və sosial inkişafında əsas rol oynayan bir qurumdur. Boşanma və ya valideynlərin ayrılması nəticəsində aliment öhdəliyinin yerinə yetirilməməsi uşağın maddi və psixoloji rifahına təsir göstərir.
Alimentin ödənilməməsi və uşaqların həyatına təsiri
Aliment valideynlərdən birinin (uşağın yanında yaşamayan) uşağın saxlanılması və ehtiyaclarını qarşılamaq üçün ödəməli olduğu maddi yardımdır. Alimentin ödənilməməsi isə valideynin bu öhdəliyi yerinə yetirməməsi və uşağın maddi təminatsız qalması deməkdir. Alimentin mənşəyi qədim cəmiyyətlərdən gəlir və zamanla hüquqi sistemlərdə tənzimlənərək daha konkret formaya düşüb. Müasir dövrdə aliment ailə hüququnun, və sosial siyasətin mühüm elementlərindən biridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, valideynlər uşaqlarının saxlanılması üçün aliment ödəməyə borcludurlar. Aliment məbləği könüllü razılaşma və ya məhkəmə qərarı əsasında müəyyən edilir və könüllü ödəməyənlərə qarşı hüquqi tədbirlər görülür. Bir çox ölkələrdə məhkəmə alimentin ödənilməməsi hallarında dövlət icbari icra mexanizmləri (gəlirdən məcburi tutulma, həbs, səyahət qadağası) tətbiq edir. Alimentin ödənilməməsi uşaqların emosional tarazlığını pozur, onların davranışlarında ciddi dəyişikliklərə səbəb olur. Bəzi uşaqlar aqressiv davranışlar sərgiləyərək qəzəblərini ifadə edirlər, digərləri isə passivləşərək özlərini dünyadan təcrid edirlər. Bu cür problemlərin qarşısını almaq üçün uşaqlara emosional, sosial dəstək göstərilməlidir. Uşağın rifahı üçün yalnız maddi yox, eyni zamanda mənəvi və psixoloji dəstək vacibdir. Alimentin ödənilməməsi uşağın maddi rifahını pozur, emosional durumuna mənfi təsir edir və gələcək imkanlarını məhdudlaşdırır.
Valideynlər aliment ödəməkdən niyə yayınırlar?
Bəzi valideynlərin aliment ödəməkdən yayınmasının bir neçə müxtəlif səbəbi olur. Əsas səbəblər arasında işsizlik və sabit gəlirin olmaması, gəlirlərin rəsmiləşdirilməməsi, boşanmış valideynlər arasında şəxsi münaqişələr, ödənişi uşağın təhsilinə, sağlamlığına və ya digər vacib ehtiyaclarına ödənilməməsi kimi iddialar yer tutur. Bu halların qarşısını almaq üçün Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
Uşaqlar valideynlərinin həyat seçimlərinin qurbanı olmamalıdır. Aliment ödəmək valideynin qanuni borcudur və eyni zamanda övladına qarşı məsuliyyət və qayğının ifadəsidir. Hər bir uşağın xoşbəxtliyi və gələcəyi valideynin verdiyi dəstəkdən asılıdır.
Alimentin icrasında Azərbaycan və dünya təcrübəsi
Uşaqların hüquqları beynəlxalq hüquq normaları və milli qanunvericiliklə qorunur. Əsas beynəlxalq sənədlərdən biri Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasıdır, burada uşaqların layiqli həyat şəraitinə, təhsilə və sosial rifaha sahib olma hüquqları təsbit olunub. Konvensiya uşaqların aliment hüququnu təsdiqləyir və valideynləri bu məsuliyyəti yerinə yetirməyə çağırır. Azərbaycan qanunvericiliyinə görə, valideynlər uşağın saxlanılmasına və inkişafına birgə cavabdehdirlər, ancaq boşandıqdan sonra öhdəlik əsasən uşağın yanında qalmayan valideynə düşür. İsveç, Norveç və Almaniyada valideynlər alimenti ödəmədikdə, dövlət uşağa müvəqqəti maddi yardımı edir və sonra məhkəmə və ya vergi sistemi vasitəsilə borclu valideyndən vəsaiti geri alır. ABŞ və Kanada da aliment ödənişlərinin yerinə yetirilməməsi ağır cinayət sayılır, aliment məbləği birbaşa əməkhaqqından tutulur və valideynin ödəməkdən yayınması çətinləşdirilir. Latviya, Estoniya, Litvada dövlət uşaqlar üçün ilkin aliment ödənişlərini təmin edir sonra borclu valideyndən məcburi ödənişi geri alır. Rusiyada aliment ödəməyən valideynlərə qarşı ölkədən çıxış yasağı və sürücülük vəsiqələrinin müsadirəsi geniş istifadə olunur. Azərbaycanda alimentlərin tutulması və icrası prosesini idarə etmək üçün bir neçə elektron sistem (“Ədliyyə Nazirliyinin Elektron İcra Sistemi”, “E-sosial” elektron sistemi (Dövlət Sosial Müdafiə Fondu), “Mərkəzləşdirilmiş Bank Hesabları Sistemi”, “Asan Pay” və “Hökumət Ödəniş Portalı”, “Vahid Məhkəmə Portalı”) tətbiq edilir. Elektron sistemlərin tətbiqi bank hesablarından avtomatik ödənişləri, məcburi icra tədbirləri və onlayn ödəniş imkanları prosesin şəffaflığını artırıb. Lakin qeyri-rəsmi gəliri olan şəxslərin aliment ödəməkdən yayınması, məhkəmə qərarlarının icrasının ləngiməsi və dövlət qurumları arasında tam inteqrasiyanın olmaması bu sahədə problemlərin qalmasına səbəb olur. Bu problemlərin həlli üçün Aliment Fondunun yaradılması, qeyri-rəsmi gəlirlərin müəyyən edilməsi üçün vergi və əmək bazası sistemlərinin gücləndirilməsi, icra mexanizmlərin daha da təkmilləşdirilməsi vacibdir. Bu sahədə daha effektiv tədbirlərin görülməsi uşaqların hüquqlarının qorunmasını təmin edəcək və onların sosial rifahına müsbət təsir göstərəcəkdir.
Aliment borcuna qarşı cəza tədbirləri
Aliment ödənişlərinin vaxtında və tam şəkildə icra olunması uşaqların rifahı və sosial təminatı baxımından vacib məsələdir. Bəzi hallarda valideynlər aliment ödəməkdən yayınır və müxtəlif vasitələrlə ödənişdən boyun qaçırırlar. Yeni qanunlar və tətbiq edilən sərt tədbirlər nəticəsində, alimenti ödəməyən borclunun xaricə səfər etməsi məhdudlaşdırılır, bank hesabları və əmlakı üzərinə həbs qoyularaq borcun məcburi şəkildə ödənilməsi təmin edilir. Əgər valideyn aliment borcunu davamlı olaraq ödəmirsə və qəsdən bu öhdəlikdən yayınırsa, ona qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr, qısa müddətli inzibati həbs və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ölkəmizdə alimentin ödənilməsində çətinliklər ümumi işlərin təqribən 3-5 faizini təşkil edir. Bu çətinliklər borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəza çəkmə müəssisəsində olması və ağır xəstəliyinin olması kimi səbəblərlə əlaqədardır. Bu səbəblər nəticəsində yüzlərlə uşaq aliment ala bilmir və dolanışıq çətinlikləri ilə üzləşir. Bu hal həm uşaqların hüquqlarını pozur, həm də cəmiyyət üçün sosial problemlər yaradır. Cəza tədbirləri problemi həll etməklə yanaşı, borclu valideynlərin daha da çətin vəziyyətə düşməsinə və nəticədə alimentin ödənilməsinin mümkünsüz hala gəlməsinə səbəb olur. Sərt cəza tədbirləri problemi tamamilə həll edə bilmədiyi üçün, aliment borcunu ödəyə bilməyən valideynlərə alternativ tədbirlər nəzərdə tutulmalıdır. Məsələn uyğun iş imkanlarının yaradılması və borcların tədricən ödənilməsi. Bu yanaşma uşaqların hüquqlarını qoruyacaq, valideynlər arasında ədalətli və effektiv bir sistem yaradılmasına kömək edəcək.
Hər bir valideyn bilməlidir ki, alimentin ödənilməməsi yalnız maddi məsələ deyil, eyni zamanda uşağın sosial və psixoloji rifahına ciddi təsir edən bir problemdir. Uşaqların rifahının təmin edilməsi hər bir valideynin övladına verdiyi dəyərin və sevgisinin göstəricisidir. Hər bir uşaq sevgi və qayğıya layiqdir. Uşaqlarımızın sağlam gələcəyini təmin etmək üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik.
Niyaməddin ƏLİYEV
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi üzrə İcra bölməsinin rəisi