...

Aktiv seçki hüququ-səs vermək hüququnun qanuni əsasları

10-01-2024 | 12:18

Ədalətli və demokratik seçkilər ölkənin suverenliyini əks etdirən, qanunların aliliyini rəhbər tutan hüquqi dövlətin əsas prinsiplərindən biri hesab edilir.

Ölkəmizin Ali qanunu olan Konstitusiyaya, eləcədə hamılıqla qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə dayanan razılaşmalara əsasən, hər kəs bəşəri insan hüquqları və prinsipləri tərəfindən qadağan olunmayan, ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan, öz ölkəsinin dövlət və ictimai məsələlərində iştirak etmək imkanına və hüququna malik olmalıdır. Xalqın iradəsi demokratik-hüquqi dövlətin əsasını təşkil edir və bu iradə ədalətli seçkilər yolu ilə müəyyənləşdirilir ki, bu da öz növbəsində vətəndaşların ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə təmin edilir. Bu hüquqla Azərbaycan Respublikasının Prezidentinin, Milli Məclisin deputatlarının və  bələdiyyə üzvlərinin seçilməsi həyata keçirilir və eyni zamanda xalq öz hüquq  və mənafeləri ilə bağlı olan hər məsələni referendum yolu ilə həll edə bilir.

2024-cü il ölkəmizdə Prezident seçkiləri ili olaraq tarixə düşəcəkdir. Azərbaycan Respublikasının Prezidenti 7 il müddətə seçilən və səlahiyyəti müddətincə ölkənin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edən, xalqın vahidliyini təcəssüm etdirən, dövlətçiliyin varisliyini təmin edən, müstəqilliyin, ərazi bütövlüyünün  və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Bu mühüm vəzifəyə səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Seçmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək hüququ qanunvericilikdə “Aktiv seçki hüququ” adı altında öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərdən başqa 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşının heç bir ayrıseçkiliyə məruz qalmadan bərabər əsaslarla seçmək, habelə referendumda səs vermək hüququ vardır. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olunması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Seçkilərdə və referendumda iştirak azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. Qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən yalnız vətəndaşlar deyil həmçinin Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər  də Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Bu zaman digər seçicilər üçün zəruri qaydalar bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı və  qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Bununla yanaşı xaricdə yaşayan seçici qeydiyyatında olan vətəndaşlarımız da aktiv seçki hüququna malikdir. Onlar seçki hüququnu təmin etmək məqsədi ilə yaradılmış məntəqələrdə bu hüquqdan istifadə edə bilərlər. Bunun üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri tərəfindən seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan vətəndaşların hüquqlarının həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görülür.

Humanizm prinsipləri rəhbər tutularaq cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan məhkum və təqsirləndirilən şəxslərin də səsvermədə iştirak etmək hüququ dövlətin təminatı altındadır. Onların səs vermək hüququnun təmini, sərbəst şəkildə seçkidə iştirakı üçün müəssisələrdə seçki məntəqələri yaradılır.

Ələkbər HÜSEYNOV

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin

Təşkilat-nəzarət şöbəsinin rəis müavini

"Naxcivanxeberleri.com" internet səhifəsində dərc edilib