...

“Konstitusiya və Suverenlik İli” ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq

11-02-2025 | 16:42

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.

Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.

Dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır. Ölkənin əsas qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilir.

Hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti dövlətimizin zəfərlərinin davamlılığını təmin edir. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarını geri qaytaran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırdı, xalqımızın yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da, Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu.

Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

İsayə SEYİDOVA

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin,

Naxçıvan Şəhər Nikah Evinin müdiri, ədliyyə müşaviri